Tbilisidə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Tbilisidə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib Tbilisi. 25 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xarici siyasət
25 Fevral , 2019 16:57
Tbilisidə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Tbilisi. 25 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, tələbə və gənclər iştirak ediblər.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva Xocalı faciəsinin dinc insanlara qarşı törədilmiş qəddar cinayət olduğunu deyib: “27 il bundan öncə günahsız qadın, qoca, körpə və uşaqlar vəhşiliklə qətlə yetiriliblər. Xocalı soyqırımı insanlığa sığmayan qırğındır. Bu cür faciələrin bir daha təkrarlanmasına yol verilməməlidir”.

Daha sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə azərbaycanlı gənclərinin “Difai” təşkilatının hazırladığı “Azərbaycan və Gürcüstan xalqlarının oxşar tarixi taleyi” adlı təqdimat nümayiş etdirilib. Azərbaycan və gürcü dilində olan təqdimatda hər iki ölkənin yaxın keçmişində baş vermiş işğal faktları, faciələr və soyqırımlar barədə ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları daçıxışedərək Xocalı faciəsinin Azərbaycan xalqının ən ağrılı dərdlərindən biri olduğunu bildiriblər.Onların sözlərinə görə, bu cür anım tədbirlərinin keçirilməsində məqsəd Xocalı soyqırımı barədə həqiqətlərin Gürcüstan ictimaiyyətinə çatdırılması və faciəyə ədalət, günahkarların cəzalandırılmasını tələb etməkdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” adlı gürcü dilində çap olunmuş kitabı təqdim olunub. Kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçilərinin məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunub.

Gürcü politoloq Tengiz Txilava təqdim olunan kitabı Gürcüstan ictimaiyyətinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə məlumatlandırılması baxımından yüksək qiymətləndirib: “Gürcüstan tarixində də ermənilər gürcü xalqına qarşı soyqırımlar törədiblər. Lakin təəssüflər olsun ki, bu soyqırımı faktları barədə Gürcüstanda susmağa üstünlük verirlər. Bu, çox yanlış yanaşmadır. Gürcüstan və Azərbaycan birgə fəaliyyət göstərməklə əsl tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır”.

Tədbir gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib. Çıxışçılar Xocalı soyqırımı barədə kifayət qədər sübutların olmasına baxmayaraq, cinayəti törədənlərin bu günə qədər layiqli cəza almadıqlarını qınayıblar.

Mərasim iştirakçıları həmçinin Xocalı faciəsinə həsr olunmuş foto stendlə də tanış olublar. Stenddə soyqırımı əks etdirən fotoşəkillərlə yanaşı, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəssamlıq dərnəyinin şagirdlərinin Xocalı haqqında çəkdikləri rəsmlər də sərgilənib.

Tədbirin sonunda Xocalı qurbanlarının ruhuna ehsan verilib. 

Son xəbərlər

Orphus sistemi