Tbilisi. 24 may. REPORT. AZ/ Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Gürcüstan Parlamentinin, AZƏRTAC-ın və Gürcüstan Milli Kitabxanasının birgə təşkilatçılığı, Valeh Hacılar Fondu və Sədaqət İsmayılova Fondunun dəstəyi ilə keçirilən sərginin açılışında Azərbaycan səfirliyinin və konsuluğunun əməkdaşları, Gürcüstanın elm, incəsənət, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə AXC-nin elan olunduğu 1918-ci ildə çəkilmiş fotolar, həmin dövrdə nəşr olunmuş qəzet, jurnal və digər yazılı materiallar numayiş olunur.
Sərginin açılışında səfir Dursun Həsənov, muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları çıxış ediblər.
Tədbirdə Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.