Bakı. 13 aprel. REPORT.AZ/ Tatarıstan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanovun Azərbaycana səfər proqramı açıqlanıb. Tatarıstan prezidentinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, R.Minnixanov bu gün axşam 2 günlük səfərlə Azərbaycana gələcək. Onun Azərbaycanın Prezidenti, eləcə də tatar icmasının nümayəndələri ilə görüşü gözlənilir.
R.Minnixanovu Tatarıstandan İş adamlarından ibarət geniştərkibli nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyəti Bakıda Azərbaycanla ticari münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.
Aprelin 14-də R.Minnixanov Gəncəyə səfər edəcək. Burada o, Gəncə avtomobil zavodunda "KAMAZ" yük avtomobillərinin yığılması üzrə konveyerin işə salınmasında iştirak edəcək.