Tarixi müzakirələrdəki münaqişə hələ bitməyib

Tarixi müzakirələrdəki münaqişə hələ bitməyib Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov baxışlarını və tarixin öyrənilməsinin digər aspektlərini “Report” ilə bölüşüb
Xarici siyasət
4 Yanvar , 2021 16:42
Tarixi müzakirələrdəki münaqişə hələ bitməyib
Fərhad Cabbarov

Ötən il bütün bəşəriyyət, o cümlədən ölkəmiz üçün birmənalı olaraq çətin oldu. Ancaq uzun müddət Ermənistan işğalında olan torpaqlarımızın azad olnması üçün aparılan Vətən müharibəsinin qələbə ilə nəticələnməsi bütün çətinlikləri unutdurdu. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəni tarixi adlandırdı. Alimlər baş verənləri tarixi perspektivlər nöqteyi-nəzərindən yeni dərk etməyə başlayırlar. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həm də bu əlaqələrin elm tərəfindən necə araşdırılacağından asılıdır. Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bu prosesə dair baxışlarını və tarixin öyrənilməsinin digər aspektlərini “Report” ilə bölüşüb.

- Azərbaycan-Ermənistan münasibətləri yenidən nəzərdən keçirilib, bu da təbiidir, çünki Azərbaycanın müstəqillik qazandığı vaxtla Ermənistanın ölkəmizə qarşı təcavüzü üst-üstə düşüb. Azərbaycan Ordusunun parlaq qələbəsi erməni işğalına son qoydu. Sizcə, bu mövzu “number one” olmağa davam etməlidir və indi necə təqdim olunmalıdır?

- Hesab edirəm ki, tarixi bilməliyik, gələcəkdə səhvlərdən qaçmaq üçün onu xatırlamalıyıq. Almaniyanın bu gün iki müharibədə döyüşdüyü ölkələrlə qarşılıqlı əlaqələr qurduğu və dost olduğu fikri mənə yaxındır. Lakin mənim üçün prinsipial dərəcədə vacib olan məqam var. Hesab edirəm ki, bu, Almaniya tərəfdən işğala məruz qalmış ölkələrin keçmişdəki bütün pis şeyləri unudub Almaniya ilə münasibətləri bərpa etməyə qərar verməsi ilə deyil, böyük ölçüdə Almaniyanın özü-özünü mühakimə etməsi və hegemonluq istəklərindən imtina etməsi ilə əlaqədardır. Ancaq Qarabağdakı döyüş əməliyyatlarının bitməsindən təxminən iki ay keçməsinə baxmayaraq, Ermənistan cəmiyyətində heç nəyin dəyişmədiyini, nəinki özlərini mühakimə etdiklərini, əksinə, bəzilərinin qisasdan danışmağa cəsarət etdiyini görürük. Buna görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətləri mövzusu hələ uzun müddət araşdırmalarımızda prioritet olaraq qalacaq.

Bu münasibətləri araşdırmamızla bağlı bir məqama diqqətinizi çəkmək istəyirəm. Tariximizin ermənilərlə əlaqəli bütün dövrlərini - onların köçürülməsini, 1905-ci ildəki ilk münaqişəni, 1918-ci il soyqırımını, Qarabağ münaqişəsinə, başqa sözlə, bu günümüzə qədər davam edən digər məsələləri araşdırırıq. Ancaq, təəssüf ki, Ermənistan-Azərbaycan münasibətlərinə hərtərəfli yanaşmırıq. Azərbaycanlılar heç vaxt İslamdan əvvəl Azərbaycanda yaşamış xristianlarla – gürcülər, ruslar, almanlar, nə də digər etnik qruplarla qarşıdurma yaşamayıblar. Bəs niyə ermənilərlə münasibətlər belə alındı? Hansısa səbəb olmalıdır və o da məlumdur. İlk millətlərarası qarşıdurmanın yaşandığı 1905-ci ildə ictimai xadimlərimiz çıxışlarında birmənalı olaraq əsas günahkarların erməni kilsəsi, erməni burjuaziyası və erməni ekstremist təşkilatları olduğunu vurğulayıblar. Biz buna da diqqət ayırmalıyıq. Xalqlarımız arasında bu problemlər niyə yarandı? Çünki ermənilərin ərazi iddiaları, azərbaycanlıları qovmaq, onların yerlərini tutmaq, mədəni və tarixi irsini mənimsəmək, öz tarixini isə daha qədimi göstərmək istəyi indinin, iyirmi ilin məsələsi deyil, bir əsr əvvəl ortaya çıxan problemdir. Bu, erməniçilik ideologiyasıdır və təəssüf ki, sadə insanların da “beynini yuyublar”. Hazırda orada bütün qonşulara qarşı ərazi iddiası irəli sürüb onlarla düşmən olmağın heç yerə aparmayacağını başa düşən ağıllı insan çox azdır. Ermənistanda ideologiya dəyişməyənə qədər bu münaqişə davam edəcək. Ermənistanla Azərbaycan arasındakı müharibə bitdi, amma digər sferalarda da, o cümlədən tarixi müzakirələrdə münaqişəyə son qoyulduğuna şübhə edirəm. Nə qədər ki, Ermənistan bizə qarşı iddialarından əl çəkməyib, bu mübahisələr həmişə davam edəcək. Buna görə də bu münasibətləri araşdırmağa davam etməliyik və bunu qalib olaraq etməliyik. Onların hücumlarına cavab vermək lazımdır, özümüz isə dünyanı məlumatlandırmalı, həqiqətləri çatdırmalıyıq.

- Bir çox ölkələrdə keçmişi tarixçilərə buraxmağın lazım olması barədə fikir yayılıb. Ancaq burada elə yenə erməni məsələsi ilə bağlı maraqlı vəziyyət var. Məlum olduğu kimi, hələ keçən əsrin ortalarında erməni mənşəli Qərb tarixçiləri (Ronald Suni, Nina Qarsoyan və s.) erməni tarixşünaslığının heç bir elmi əsası olmadığını sübut edirdilər. Ancaq bu elmi dəlillər bu ölkədə tarixin inkişafına heç bir təsir göstərməyib.

- Təəssüf ki, Ermənistanı Suni, Qarsoyan və Ekozyants kimi elm adamları deyil, ictimai şüurda 1915-ci ildə soyqırımı olduğunu, türklərin və azərbaycanlıların əbədi düşmən olduqlarını, onların erməni torpaqlarını ələ keçirdiklərini və son erməniyə qədər onlarla mübarizə aparmaq lazım olduğu ideologiyasını formalaşdıranlar idarə edir. Bu barədə bizdə və ya xaricdə nə qədər yazılsa da, Ermənistan cəmiyyətinin özü bunu eşitmək istəmirsə, heç nə onlara təsir etməz. Yenə Almaniya ilə müqayisə etmək istərdim. Orada da digər xalqlar üzərində üstünlük ideologiyası, bütün dünyaya hakim olmaq arzusu və s. hökm sürürdü. Ancaq bu ölkə İkinci Dünya müharibəsində məğlub olduqdan sonra almanlar bu ideologiyadan məyus oldular və o daha populyar olmadı. Millət məhz bu ideologiyanın çöküşün səbəbi olduğunu başa düşdü. Ermənistan məğlubiyyətinin səbəbini nə qədər tez anlaya və dərk edə bilsə, özü üçün bir o qədər yaxşı olar. Zərərli erməni ideologiyası barədə yalnız erməni mənşəli tarixçilər deyil, həm də digər ölkələrdə, məsələn Rusiyada da yazırlar. Niyə Ermənistanda onların səsi yox, yalnız keçmişin reanimasiyasına, qonşularla düşmənçiliyə və s. çağıranların səsi eşidilir? Düşünürəm ki, cavab siyasi sifarişdədir. Eşitmək istədiklərini eşidirlər. Ancaq yenə də yazmalı, alternativ baxış nümayiş etdirmək lazımdır. 1905-ci il hadisələri ilə bağlı monoqrafiya üzərində işləyərkən münaqişənin Rusiya mətbuatında necə işıqlandırıldığı ilə tanış oldum. Bəzi KİV Bakıda müsəlmanların erməniləri öldürdüklərini, onları kəsdiklərini və s. yazırdı. Buna baxmayaraq, o dövrdə Rusiyada bir nömrəli qəzet olan “Sankt-peterburqskie vedomosti”nin iki sayında Əhməd bəy Ağaoğlunun “Bakı hadisələri haqqında həqiqət” adlı məqaləsi dərc olunub. Ermənilər hər sayda təkzib yazırdılar, amma önəmli olan, qraf Timoninin yazdığı kimi, Rusiyanın ilk dəfə hadisələrin alternativ qiymətləndirilməsini eşitməsi idi. Buna daim əməl edilməlidir, ermənilər bizi eşitsə də, eşitməsə də, dünya həqiqəti bilməlidir.

- Tarixi araşdırmalarınız, elmi əsərlərinizlə tanınırsınız. Eyni zamanda böyük maarifləndirmə işi aparırsınız. Fəaliyyətinizin mahiyyəti biliklərinizi bölüşmək istəyidir, yoxsa cəmiyyətdə tarixlə bağlı doldurulmalı olan müəyyən boşluqların olması ilə əlaqədar zərurilikdir?

- Daha çox ikinci. Niyə bu zərurət yaranır? Çox vaxt tariximizin müxtəlif problemlərinə dair səhv, birtərəfli və bəzən tendensiyalı qiymətləndirmələr və yanaşmalar görürük. Onların elmi əsası olmur. Bunu ayrı-ayrı tarixi şəxsiyyətlərin qiymətləndirilməsində çox tez-tez görürük. Təəssüf ki, bir çoxları zaman, məkan, bu və ya digər şəxsin fəaliyyətinə təsir göstərən obyektiv amillər kimi anlayışları unudur və nəticədə bu cür səhv yanaşmaların müəllifləri ittihamlara, qınaqlara məruz qalırlar.

Bu problem tariximizin müəyyən dövrlərinin qiymətləndirilməsində də mövcuddur. Söyləmək lazımdır ki, o dövr zəmanəmizə yaxınlaşdıqca, mənfi qiymətləndirmələr daha da kəskinləşir, müşahidələrimə görə, bəzən hətta daha aqressiv olur. Təəssüf ki, çox vaxt mövzu haqqında çox az fikir sahibi olan insanların bu qədər qəti olduğunu görəndə təəccüblənirsən. Buna görə də işimizin maariflandirmə tərəfini bizi cəmiyyətin diqqətinə səbəb olan tarixi hadisələrin işıqlandırılması üzərində işləməyə məcbur edən mənəvi borcumuz hesab edirəm. Digər tərəfdən tarixçilər həmişə mənəvi məsuliyyət yükü daşıyıblar, çünki bizim elm hər zaman cəmiyyətin maraqlarının mərkəzində olan sahədir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, tarixçilər hər zaman ön sıralardadırlar, yazmalı, cavab verməli, izah etməlidirlər.

- İnternet və onun köməyi ilə sosial şəbəkələr əvvəllər bizim üçün əlçatan olmayan çox sayda məlumat təqdim edir. Deyək ki, türk xalqlarının tarixi və ya tariximizin müəyyən dövrlərinin təhrif olunmuş tarixi. Bu cür nümunələr çoxdur. Bu elmdə, müstəqil Azərbaycanın təhsil sistemində öz əksini tapıbmı?

- Sualınızın sonundan başlayacağam, çünki burada söhbət gənc nəslin təhsili ilə bağlıdır. Sovet dövründəki tarixi təhsil ümumi sxem ilə xarakterizə olunurdu, ona görə sosializmin qələbəsinə və sosialist cəmiyyətinin qurulmasına gətirib çıxaran sinif mübarizəsi insan inkişafının bütün mərhələləri üçün xarakterikdir. Bu sxemdə keçmiş SSRİ-nin digər xalqları kimi, Azərbaycanın da tarixi itirdi. Ölkənin bütün xalqları, bir qayda olaraq, Rusiya ilə bağlanılan parlaq gələcək üçün mübarizə aparırdılar. Qalanları düşmən idi. Məsələn, Ukrayna üçün Polşa, Litva, Almaniya. Qafqaz üçün Osmanlı İmperiyası, İran.

Müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətçilik tarixinin, ənənələrinin, Azərbaycanın dünya tarixindəki rolunun - təkcə siyasi deyil, həm də mədəni həyatda rolunun öyrənilməsinə diqqət yetirərək tarixi təhsil sistemimizi tamamilə fərqli şəkildə qurmağa başladıq. Müsəlman intibahı problemləri, Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri və xarici siyasəti, Azərbaycanı və ümumiyyətlə Cənubi Qafqazı fəth etmək üçün beynəlxalq mübarizə yeni şəkildə qavranıldı. Bax tarix elmindəki belə boşluqlar dolduruldu və bu gün də zənginləşdirilir.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, son illərdə tarixçilər Azərbaycan tarixinin müxtəlif ölkələrdən - Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa, Gürcüstan, Ukraynadan olan arxiv mənbələrini elmi dövriyyəyə gətirmək üçün böyük işlər görüb. Bu, böyük işdir, çünki tariximiz üçün mənbə bazası çox böyük önəm daşıyır. Sonra bu sənədlər elmi dövriyyəyə buraxıldı və bu mövzuları və problemləri öyrənə bildik.

Türk xalqlarının tarixinə gəlincə, təbii ki, son illərdə bu istqamətdə də müəyyən irəliləyişlər var. Ancaq etiraf etmək lazımdır ki, öz tariximizi öyrənmək üçün daha çox işlər görülüb, bu da başa düşüləndir. Xoş istisna digər Türk xalqlarının tarixi ilə müqayisədə daha dərindən araşdırdığımız Türkiyə tarixidir.

Tarix dərsliklərində ayrı-ayrı Türk dövlətlərinə həsr olunmuş paraqraflar var. Universitetlərdə tarix tələbələri “Türk xalqlarının tarixi” mövzusunu öyrənirlər. Ancaq bildiyim qədərilə bu mövzuda elmi araşdırmalar hələ azdır.

Eleonora Abasquliyeva

Son xəbərlər

Orphus sistemi