Yuxarı
    Bağlamaq

    ​Türkiyə prezidenti: “Qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir”

    “Enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir”

    Bakı. 4 sentyabr. REPORT.AZ/ “Təbii ki, müzakirə etdiyimiz digər mühüm həssas məsələ enerji məsələsidir. Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir”. Report-un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    R.T.Ərdoğan vurğulayıb ki, Türkiyədən Avropaya gedəcək bu enerji xətti xüsusilə çox böyük əhəmiyyətə malikdir: “Bu, Azərbaycanın enerji sektorunda gücünü ortaya qoyması baxımından xüsusilə çox mühümdür. Bunu bir sülh xətti olması baxımından çox mühüm bir sərmayə olaraq görürəm. Bunun üçün də bu həmrəyliyimizin artıq son mərhələsinə gəldik. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcəkdir. Yüksək səviyyəli rəsmilərin də iştirak edəcəyi təməlqoyma mərasimi ilə birlikdə bu addım atılacaqdır. İnşallah, qurğular da işə başlayacaq. Türkiyədə və Azərbaycanda görülməli işlərin böyük hissəsi tamamlanıb. Bununla bərabər, artıq proses sürətlənərək, inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin ardından müvafiq sektorlarda - həm inşaat, həm boru sənayesi sahələrində canlanma meydana gələcək”.

    Türkiyə prezidenti deyib ki, Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı həqiqətən dünyanın da heyranlıqla izlədiyi bir prosesdir: “Burada hörmətli qardaşımın və komandasının iradəsinin həqiqətən çox böyük rolu var. Mən də istər on bir illik baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm ki, qardaşların güc qazanması gələcəyə nikbin baxmağımıza da inamı artırır. Ticarət sahəsində atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz var və inşallah, bu hədəfə də çatacağıq. Hər iki tərəfdə bu iradənin olduğunu görürük, bilirik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi