Bakı. 6 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həliinin tərəfdarıyıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
Suriyanı tərk edən terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə əlaqədar informasiyanı şərh edən B.Cəfəri bu barədə heç bir məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, beynəlxalq terror müharibə və münaqişələrin bir hissəsidir. Daimi nümayəndə vurğulayıb ki, Suriya tərəfi lap əvvəldən beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.
"Təhlükə barədə xəbərdarlıq edirdik, terrorçuların bir gün Suriyadan gəldikləri ölkələrə dönəcəyini söyləyirdik. Heç kim qulaq asmırdı. İndi bütün dünya məsuliyyətli olmalıdır", - B.Cəfəri deyib.
ABŞ Prezidenti Donald Trampın Suriyadan qoşunları çəkmək niyyəti ilə bağlı məsələyə münasibət bildirən B.Cəfəri Suriya tərəfinin bu mövzuda rəsmi məlumat almadığını bildirib.