Yuxarı

​Ştaynmayer Almaniyanın ATƏT-dəki sədrliyinin proqramını təqdim edib

Baş verən böhranlı vəziyyətləri ATƏT-in mövcud formatını istifadə edərək həll etmək lazımdır

Bakı. 2 iyul. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 2016-ci ildə Almaniyanın ATƏT-dəki sədrliyinin proqramını bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında təqdim edib. "Report" xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, ölkəsinin qarşıdakı sədrlik dövründə həyata keçirəcək əsas prinsiplər dialoq, qarşılıqlı inam və təhlükəsizlik məsələləri olacaq.

Çıxışı zamanı nazir həmçinin, media azadlığı, azlıqların hüquqlarının müdafiəsi məsələlərinə də diqqət çəkərək, seçki monitorinqi üzrə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) işini də yüksək qiymətləndirib.

Staynmayer son bir il yarım ərzində Avropa təhlükəsizliyi məsələlərində etimad və qarşılıqlı inamın xeyli dərəcədə itirildiyini də qeyd edib. O, Ukrayna böhranının yalnız siyasi yolla həllinin mümkün olduğunu deyərək, onun hərbi həlli yolunun olmadığıni da vurğulayıb.

"Avropadakı sərhədlərin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir və təhlükəsizlik təşkilatına üzv ölkələr arasında bu kimi hallar ola bilməz", - Almaniya XİN rəhbəri bildirib.

O söyləyib ki, ATƏT-ə üzv olan bütün dövlətlər siyasi iradə nümayiş etdirərək, təşkilat çərçivəsində əməkdaşlığa çalışmalıdırlar."Baş verən böhranlı vəziyyətləri ATƏT-in mövcud formatını istifadə edərək həll etmək lazımdır", - Ştaynmayer bildirib.

Hazırda ATƏT-ə Serbiya sədrlik edir, 2016-ci ildə bu vəzifə Almaniyaya keçəcək və 2017-ci ildə isə quruma Avstriya sədrlik edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi