​Ukraynada Holokost qurbanlarının xatirəsi anılıb

​Ukraynada Holokost qurbanlarının xatirəsi anılıb Tədbirdə Holokostun xatırlanmasının və Ukraynada dinlərarası və millətlərarası sülh və harmoniyanın qorunmasının vacibliyi vurğulanıb
Xarici siyasət
29 Yanvar , 2016 17:39
​Ukraynada Holokost qurbanlarının xatirəsi anılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə yəhudilərin soyqırımını özündə əks etdirən Holokost qurbanlarının anım gününə həsr edilən "6 milyon ürək" adlı xatirə gecəsi keçirilib.

Ukrayna Millətlər Assambleyasından (UMA) "Report"a verilən məlumata görə, tədbir Ukrayna Yəhudi Fondu, İsrail Mədəniyyət Mərkəzi və İsrailin Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna yəhudi forumu və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev tərəfindən təşkil olunub.

Holokost qurbanlarının anımı üzrə Ukraynada keçirilən aksiyaların yekunu olan tədbirdə Ukrayna dövlət xadimləri, dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ukrayna Radasının deputatları, dini və ictimai xadimlər, jurnalistlər iştirak edib. Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski Holokost qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilən Ümumukrayna aksiyasından danışıb. Forum rəhbəri tədbir iştirakçılarına Ukrayna Ali Radasının başçısı Vladimir Qroysmanın müraciətini oxuyub.

R.Tağıyev isə XX əsrdə bütün bəşəriyyətin faciəsi olan Holokostun xatırlanmasının və Ukraynada dinlərarası və millətlərarası sülh və harmoniyanın qorunmasının vacibliyindən danışıb.

O qeyd edib ki, XXI əsrdə də dünyada milyonlarla insanın öldürülməsi Holokostdan dərs çıxarılmadığını və etnik münaqişələrin davam etdiyini göstərir.

Eyni zamanda, xatirə gecəsində öz dövlətlərinin adından ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett və Polşanın Ukraynadakı səfiri əvəzi Rafal Volski çıxış edib. Tədbirin gedişində İkinci Dünya müharibəsi zamanı həlak olan altı milyon yəhudinin xatirəsinə həsr olunan rəmzi altı şam yandırılıb. Şamların yandırılmasında Ukraynanın baş nazirinin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenko, İsrailin Ukraynadakı səfiri Eliav Belotserkovski, Nobel mükafatı laureatı və məşhur alim Dan Şextman, Almaniyanın Ukraynadakı səfiri Kristof Vayl, Rumıniyanın Ukraynadakı səfiri Kornel İonesku, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Getto və konslagerin keçmiş yəhudi məhbusları Assosiasiyasının sədri Boris Zabarko və Kiyev şəhərinin Dünya Xalqlarının Möminləri Assosiasiyasının sədri Sofia Yarovaya iştirak edib. Tədbirə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Bolqarıstan, Makedoniya, Gürcüstan, Litva, Belarusun diplomatik missiyalarının rəhbərləri, BMT-nin Ukrayna nümayəndəliyinin rəhbəri Nil Uoker qatılıb.

Son xəbərlər

Orphus sistemi