Asiya Parlament Assambleyasına (APA) sədrlik Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir.
“Report” xəbər verir ki, bunu Özbəkistanın Ali Məclis Senatı sədrinin birinci müavini, keçmiş xarici işlər naziri Sodik Safoyev Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Özbəkistan dayanıqlı inkişaf məsələlərində aparıcı rol oynayan mühüm beynəlxalq qurum kimi APA-nın missiyasını yüksək qiymətləndirir:
“İlk növbədə regional və qlobal proseslərdə fəal iştirakın davam etdirilməsi son dərəcə vacibdir. Asiyada strateji, iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsini davam etdirmək lazımdır”.
S.Safoyev quruma növbəti iki ildə sədrliyi dövründə Azərbaycana uğurlar arzulayıb.