Yuxarı

​Slovakiyanın baş naziri: Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır

Elmar Məmmədyarov Slovakiyanın baş naziri Robert Fiko ilə görüşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Robert Fiko ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Robert Fiko iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın bu ilin 12-28 iyun tarixlərində ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyinə sevindiklərini deyən Robert Fiko, ölkəsinin bu idman yarışında iştirakına böyük əhəmiyyət verdiyini və Slovakiyanın 100-dən artıq idmançı ilə Avropa Oyunlarında iştirak edəcəyini bildirib.

O, Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanların olduğunu qeyd edib və biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes forumlarının keçirilməsinin vacibliyini vurğulayıb.

Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən nazir Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi