Siyavuş Novruzov: “Ermənistandan başqa qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik”

Siyavuş Novruzov: “Ermənistandan başqa qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik” “Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub”
Xarici siyasət
14 İyun , 2016 13:50
Siyavuş Novruzov: “Ermənistandan başqa qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik”

Bakı. 14 iyun. REPORT.AZ/ "İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri belə qurmalısan? Vaxtı ilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı sanksiyalara siz də qoşulun. Lakin biz buna etiraz etdik. Bildirdik ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var. Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov MM-in bugünki plenar iclasında İranla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Komitə sədri hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarı olduğunu deyib: "Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub".

O, İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını da qeyd edib: "Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu, qəti şəkildə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi dövlətin daxili işidir. Biz heç kimin işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhlə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik".

Son xəbərlər

Orphus sistemi