Yuxarı

Sinay Məbədinin ravvini: "Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyəti var"

Elmar Məmmədyarov Sinay Məbədinin ravvini David Volpenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı. 2 noyabr. REPORT.AZ/Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Los-Ancelesdə yerləşən Sinay Məbədinin ravvini David Volpenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfessiyaların tarixən dinc yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.

Nazir Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək, ölkəmizin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Elmar Məmmədyarov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verib, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasəti barədə danışıb. Bu siyasətin nəticəsi olaraq, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qaldıqlarını nəzərə çatdırıb.

O, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı törətdiyi işğala son qoymalı və Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bir daha vurğulayıb.

Azərbaycana səfərlərindən məmnunluq ifadə edən qonaqlar Bakı ilə yanaşı, Quba şəhərinə və Qırmızı qəsəbəyə səfərləri, orada yerli yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı ilə tanış olduqları haqqında danışıblar. Onlar Azərbaycanın iqtisadi və sosial inkişafının yalnız paytaxt deyil, regionları da əhatə etməsinin canlı şahidi olduqlarını və bunun təqdirəlayiq hal olduğunu qeyd ediblər.

Nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətini vurğulayaraq, dövlət siyasətinin tərkib hissəsi kimi bu ənənələrin daha da inkişaf etdirilməsində Azərbaycan Respublikası hökumətinin xüsusi rolunu qeyd ediblər.

Görüşdə nazir Elmar Məmmədyarov nümayəndə heyətinin Azərbaycan-ABŞ əlaqələri, regional və qlobal məsələlər haqqında suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi