Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” elan edilib

Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” elan edilib Bununla bağlı şəhər meri bəyənnamə imzalayıb
Xarici siyasət
18 Sentyabr , 2015 10:32
Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” elan edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los Anceles şəhərinin meri Erik Qarsetti bəyannamə imzalayaraq, 18 sentyabr 2015-ci il tarixinin Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını elan edib və bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb. Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.

Bəyannamə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə, Ü.Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs edilir. Qeyd olunur ki, Ü.Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb.

Eyni zamanda, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rəngli versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los Anceles şəhəri tərəfindən Ü.Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir.

Həmçinin, Kaliforniyanın artıq digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək, sentyabrın 18-də “Üzeyir Hacıbəyli Günü” elan olunub. Bu şəhərlər, San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.

Son xəbərlər

Orphus sistemi