Bakı. 22 fevral. REPORT.AZ/ Özbəkistanın Səmərqənd vilayət hakimiyyətinin nümayəndə heyətinin Azərbaycanın Qəbələ şəhərinə səfəri başlayıb.
Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, səfər Səmərqəndlə Qəbələ arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilir.
Səfər müddətində Qəbələ rayonu ilə tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, bu istiqamətdə birgə iş planının razılaşdırılması, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və mübadiləsi nəzərdə tutulub.
Qonaqlar səfər müddətində Qəbələ rayon İcra Hakimiyyətində görüşlər keçirəcək, rayonun mədəniyyət, turizm müəssisələrində olacaq, tarixi, mədəniyyət, turizm obyektlərini ziyarət edəcək, əldə olunmuş müsbət təcrübə ilə ilə tanış olacaqlar.
Nümayəndə heyətinin tərkibinə Səmərqənd vilayət hakiminin ümumi məsələlər üzrə müavini Şirali Yuldaşov, humanitar, mədəniyyət və etnik məsələlər üzrə müavini İsroil Cabbarov, Özbəkistandakı Azərbaycan diaspora təşkilatının Səmərqənd vilayəti üzrə rəhbəri Adilağa Mirzəyev daxildir.