Yuxarı

Səməd Seyidov: “Diplomatlar da qənaətcil olmalıdır”

Siyavuş Novruzov: “Deputat ola bilməyən və vəzifədən çıxarılan deyir ki, məni səfir kimi başqa ölkəyə göndərin”

Bakı. 29 dekabr. REPORT.AZ/ “Bu gün bütün dünyada iqtisadi böhran müşahidə olunur. Ona görə də hər kəs kimi diplomatlar da qənaətcil olmalıdır”. “Report” xəbər verir ki, bunu parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti mütəmadi olaraq nəzərdən keçirilməlidir: “Bununla da hansı diplomatın yaxşı və ya pis işləməsi məlum olar. Onu da qeyd edim ki, hər diplomatı sərəncama çıxan kimi işə götürmək olmaz. İlk olaraq onun fəailiyyətinə baxmaq lazımdır”.

Deputat Siyavuş Novruzov isə təklif edib ki, hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: “O, bir-iki il burada işləməlidir, lazım olsa, yenidən başqa ölkələrə göndərilə bilər. Həmçinin, diplomatlarımız hansısa ölkəyə getməzdən əvvəl həmin ölkəni öyrənməlidir. Səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Bundan başqa, belə bir yanaşma var, deputat ola bilməyən və vəzifədən çıxarılan deyir ki, məni səfir kimi başqa ölkəyə göndərin. Təbii ki, bu, düzgün deyil”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi