Səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib

Səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Xarici siyasət
17 Oktyabr , 2017 13:10
Səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası” təsdiqləyib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qayda Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan Azərbaycan Respublikasının vətəndaşı olan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Bu Qayda diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir.

Ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir. Ticarət nümayəndəsinin aparatının işçilərinin əməkhaqqı bu qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.

Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödənilir.

Ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir.

Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində ödənilir.

Təyin olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunurlar. Bu məqsəd üçün ticarət nümayəndəsinin aparatının saxlanılması üçün nəzərdə tutulmuş xərclər smetasında İqtisadiyyat Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsasında ticarət nümayəndəsinin təyin olunduğu ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsinə uyğun müvafiq vəsaitlər nəzərdə tutulur.

Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə tibbi sığorta mərkəzləşmiş qaydada bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibbi sığorta üzrə bağlanılmış müqaviləyə (tibbi sığorta müqavilələri bu sahədə tibbi sığorta proqramına uyğun olan həcmdə ticarət nümayəndəsinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanı verən sığorta şirkəti ilə imzalanır) əsasən həyata keçirilə bilər.

Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən tibbi sığorta zərfi bu qaydanın 2 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilir.

Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

Ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə ödənilən illik məzuniyyət dövründə və ya onlarla birlikdə yaşayan ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri də bu Qaydanın 4.1-ci bəndinə uyğun qaydada ödənilir.

Diplomatik nümayəndəliklərə təyin olunan, habelə orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək (yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur.

Ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri tutduqları vəzifələr və yerli şərait nəzərə alınmaqla, diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə mebel avadanlıqları ilə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar.

Ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin yaşayış sahəsi ilə təminatı ticarət nümayəndəsinin aparatının xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilən normalar əsasında həyata keçirilir.

Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə icarədar arasında bağlanılmış icarə müqaviləsi (ticarət nümayəndəsi tərəfindən təsdiq edilmiş) əsasında bank vasitəsilə həyata keçirilir.

Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin mənzilinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş maliyyə vəsaitinin qaytarılması təmin olunmadığı halda, həmin vəsait aidiyyəti ticarət nümayəndəsindən və ya onun aparatının işçisindən tutulur.

Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı onların öz vəsaiti hesabına ödənilir.

Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsinin icarəsi üçün ödənilən haqqın məbləği onların təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədi ilə diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.

Yaşayış sahəsinin icarə müqaviləsi orada yaşayacaq ticarət nümayəndəsi və ya onun aparatının işçisi tərəfindən bağlanılır. Bu müqavilə ticarət nümayəndəsinin və onun aparatının işçisinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ölkəyə gəldiyi tarixdən 15 gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddətdə müqavilə bağlanılmadıqda, mehmanxana xərcləri ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.

İcarə müqaviləsində, o cümlədən aşağıdakılar da nəzərdə tutulmalıdır:

1. icarə müqaviləsində icarəyə götürülən mənzilin yaşayış sahəsi göstərilməlidir;

2. icarəçi heç bir vergi ödəməməlidir;

3. xidməti zərurətlə əlaqədar icarəçinin icarə müqaviləsinə istənilən vaxt xitam verə bilmək səlahiyyətinə malikdir;

4. yaşayış yeri və oradakı mebel, inventar və digər avadanlıq icarədarın hesabına sığortalanmalıdır;

5. mənzilin və oradakı mebel, inventar və digər avadanlığın təmir xərcləri (təbii aşınma nəzərə alınmaqla) icarədar tərəfindən ödənilməlidir.

10. Yaşayış yerinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.

11. Ticarət nümayəndəsinin aparatının işçisi icarə etdiyi yaşayış yerini icarədara təhvil verərkən, icarədardan həmin işçiyə qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alaraq, ticarət nümayəndəsinə təqdim etməlidir.

Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə tutulur.

Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödənilir.

Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.

Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin işlədikləri dövrdə onlara və ya onunla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

Ticarət nümayəndəsinin, onun aparatının işçilərinin və ya onlarla birlikdə yaşayan ailə üzvünün cəsədinin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına müvafiq qaydada ödənilir.

Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbulu zamanı ticarət nümayəndəsi və onun aparatının işçisi ilə birlikdə yaşayan ailə üzvlərinə üstünlük verilir.

Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbul edilməsi bu məqsəd üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, ticarət nümayəndəsi və işçi arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Ştatdankənar işçilərin aylıq əməkhaqqı diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə mövcud olan orta aylıq əməkhaqqından yuxarı səviyyədə olmamalıdır.

Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə təhkim olunan xidməti minik və digər avtonəqliyyat vasitələrinin say həddi (limiti) və onlar üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları bu Qaydanın 4 nömrəli əlavəsinə əsasən müəyyən edilir.

Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri alınması ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada təmin edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə mütəmadi məlumat verilir. Geri alınan əlavə dəyər vergisinin məbləği ticarət nümayəndəsinin aparatının saxlanılması xərcləri üzrə sonrakı maliyyələşmə zamanı nəzərə alınır.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və aparatlarının işçilərinin aylıq

ƏMƏKHAQQI SXEMİ

Sıra№-si Vəzifələrin adları Ticarət nümayəndəsinin əməkhaqqından, faizlə
1. Baş məsləhətçi 75
2. Məsləhətçi 60
3. Mütəxəssis 45

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin yaşayış yeri ilə təminatı normaları

Sıra №-si Vəzifələrin adları Yaşayış sahəsinin yuxarı həddi (kv.m)
1. Ticarət nümayəndəsi 80
2. Baş məsləhətçi 50
3. Məsləhətçi 40
4. Mütəxəssis 35

Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, ticarət nümayəndəsi göstərilən yaşayış sahəsinin yuxarı həddini (adambaşına düşən yaşayış sahəsi 12 kv. metrdən artıq olmamaqla) artıra bilər.

 Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normalardan (ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada artırılmış normalar nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı ticarət nümayəndəsinin və onun aparatının işçisinin öz şəxsi vəsaiti hesabına ödənilir.

Ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təhkim olunan xidməti minik və digər avtonəqliyyat vasitələri üçün tam iş vaxtı üzrə aylıq yürüş həddinin norması 1000 km müəyyən edilir.

İşin xüsusiyyətləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda, avtonəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

Xidməti zərurət və ya işin xüsusiyyətləri nəzərə alınmaqla, ticarət nümayəndəsinin xidməti minik avtomobili üçün aylıq yürüş həddi 40 faiz artırılır.

Avtonəqliyyat vasitələrinin 1 ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın həcminə uyğun olaraq müəyyən edilir.

5. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda artırılır:

1. qış mövsümündə işlədikdə - 5 faizə qədər;

2. dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:

2.1. 1000 metrdən 1500 metrə qədər - 5 faiz;

2.2. 1501 metrdən 2000 metrə qədər - 10 faiz;

2.3. 2001 metrdən yuxarı - 15 faiz;

3. əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər.

Kondisioner istifadə olunduğu hallarda, yanacaq sərfi avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir.

 Avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə avtonəqliyyat vasitələrinin hər biri üçün hər il xərclər smetasında vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu normanın tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;

2. sürtkü materiallarının (mühərrik yağının, əyləc mayesinin, soyuducu və digər mayelərin) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;

3. avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitəsinin ilkin dəyərinin 2 faizi məbləğində.

Avtonəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, qüsur aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Ticarət nümayəndəsinə təhkim edilən xidməti minik avtomobilinin say həddi (limiti) 1 ədəd müəyyən edilir və aparatın digər işçilərinə ümumi istifadə üçün 1 ədəd nəqliyyat vasitəsi ayrılır.

Son xəbərlər

Orphus sistemi