Bakı. 9 iyul. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfirliyi qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı İsrail Knessetinin spikerii Yuli Edelşteynin müraciətini şərh edib.
İsrailin Azərbaycandakı səfirinin müavini Ronen Kraus (Ronen Krausz) "Report"a açıqlamasında bildirib ki, dünən Knessetdə reallaşan müzakirələr hökumətin qərarı deyil.
Onun sözlərinə görə, belə müzakirələr digər ölkələrin parlamentlərində də keçirilir. Səfir müavini qeyd edib ki, bu, tarixi problemdir və məsələnin müzakirəya ehtiyacı var.
R.Kraus həmçinin deyib ki, bu müzakirələr İsrail və Azərbaycan arasındakı münasibətlərə təsir etməyəcək: "Bu müzakirələrin İsrailin üçüncü ölkələrlə münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Bu bir-biri ilə bağlı olmayan tamamilə fərqli iki məsələdir".
Xatırladaq ki, iyulun 8-də İsrail Knessetində aparılan müzakirələr zamanı spiker Yuli Edelşteyn "erməni soyqırımı"nı tanımağa çağırıb.