Yuxarı

Səfir: "Ukrayna və Azərbaycan ərazi bütövlüyünün bərpası üçün səyləri birləşdirmək niyyətindədir"

Bakıda Ukraynanın Birlik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ "Azərbaycan və Ukrayna digər ölkələrin təcavüzünə məruz qalıb. Bu xoşagəlməz aspekt bizi birləşdirir".

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Birlik Gününə həsr olunmuş dəyirmi masada Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, nə Bakı, nə də Kiyev işğalla barışmaq niyyətində deyil: "Azərbaycan və Ukrayna eyni tarixi dövrdən keçib. Bəlkə də Azərbaycan Demokratik Respublikası Ukrayna Xalq Respublikasından daha uzun müddətdə mövcud olub, bu, bir o qədər də vacib deyil. Mühüm odur ki, xalqın öz dövlətini yaratması ilə bağlı ruh yüksəkliyi olsun".

Səfir münaqişə mövzusuna da toxunaraq qeyd edib ki, Ukrayna bu gün Rusiya ilə müharibə şəraitində yaşayır: "Təəssüf ki, bu mənfi təcrübə bizi birləşdirir". 

A.Mişenko deyib ki, bu gün Ukraynanın şərqində Azərbaycan əsilli Ukrayna vətəndaşları da həlak olur. 

İkitərəfli münasibətlər haqqında danışan diplomat Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin olduğundan əminliyini bildirib: "Bizim əməkdaşlığımız labüddür, çünki heç birimiz ilhaqla barışmaq niyyətində deyil. Biz ölkələrimizin ərazi bütövlüyünü beynəlxalq hüquq yolu ilə bərpa etmək üçün beynəlxalq təşkilatlar çərçivəsində səylərin birləşdirilməsi məsələsini müzakirə edirik".

A.Mişenko qeyd edib ki, Ukraynanı separatçılarla danışıqlara cəlb etmək istəyən qüvvələr var: "Biz eyni mənzərəni Azərbaycanda da müşahidə edirik, onun da Ermənistanla razılığa gəlməsinə çalışırlar. Tamamilə aydındır ki, belə şəraitdə razılığa gəlmək çətindir. Azərbaycana təcavüzkarla münasibətdə siyasi iradə nümayiş etdirməsi deyilir. Ancaq biz indi bunun nə qədər ağır olduğunu dərk edirik", - səfir bildirib.

Bundan sonra Ukraynanın Birlik Gününə həsr olunmuş qısa rolik nümayiş olunub. 

Daha sonra müzakirələr aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi