Səfir: "Qarabağ, Dnestryanı və Gürcüstandakı hadisələrə zamanında reaksiyanın olmaması Ukraynada təcavüzə gətirib çıxarıb" - MÜSAHİBƏ

Səfir: "Qarabağ, Dnestryanı və Gürcüstandakı hadisələrə zamanında reaksiyanın olmaması Ukraynada təcavüzə gətirib çıxarıb" - MÜSAHİBƏ "Təcavüzü 20 il keçdikdən sonra deyil, yarandığı andan təcavüz adlandırmaq lazımdır"
Xarici siyasət
17 Dekabr , 2014 16:31
Səfir: Qarabağ, Dnestryanı və Gürcüstandakı hadisələrə zamanında reaksiyanın olmaması Ukraynada təcavüzə gətirib çıxarıb - MÜSAHİBƏ

"Təcavüzü 20 il keçdikdən sonra deyil, yarandığı andan təcavüz adlandırmaq lazımdır"

"Ukrayna öz gələcəyini Avropa İttifaqına üzvlüyü ilə bağlayır"

Bakı. 17 dekabr. REPORT.AZ/ "Report" informasiya agentliyinin Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə müsahibəsi

-Bu il Ukrayna üçün çətin bir il olub. Sizcə, Ukraynadakı ictimai-siyasi hadisələr, ölkənin şərqindəki münaqişələr Azərbaycanla ikitərəfli münasibətlərdə nə dərəcədə əks olunub?

- Bu il Ukrayna üçün həqiqətən də çox ağır bir dövr olub. Lakin gördüyünüz kimi, Ukrayna xalqı bu çətin vəziyyətdə Avropa modeli prinsiplərinə uyğun müstəqil dövlət qurmaq  kimi vahid məqsəd ətrafında sıx birləşib. Bizim üçün avrointeqrasiya kursu çox önəmlidir və Maydan hərəkatı bunu bir daha göstərdi və təsdiq etdi. Ukrayna xalqı bütün ölkə vətəndaşlarının həyatında həlledici olan məqamlarda  ayrı-ayrı siyasi qruplaşmaların maraqları naminə deyil, vahid məqsəd üçün ayağa qalxa və birləşə bildiyini nümayiş etdirmişdi.

Avropa dəyərlərinə doğru addımlamaq,  Avropa ölkələrinin hər hansı bir modelini qəbul edib onu bütünlüklə Ukraynada tətbiq etmək deyil. Biz  qədim ənənələri,  tarixi və mədəniyyəti bir olan ölkəyik. Ümidvaram ki,  Aİ-yə daxil olacağımız halda, Avropa mədəniyyətinə öz dəyərli töhfəvimizi verə biləcəyik.

Bu gün Ukraynada vəziyyət çox ağırdır və yalnız iqtisadi baxımdan deyil, həm də ona görə ki, insanlar həlak olur və Rusiya bu faciəyə hələ də hələ də son qoymaq istəmir.

İqtisadiyyatın belə vəziyyətdə olmasını mən böyük faciə hesab etmirəm. Əgər öz taleyimizi özümüz həll etmək və nəhayət ki, Rusiyanın təsiri altından çıxmaq imkanına tam nail olsaq, iqtisadiyyatımızda baş verənlərin də cavabını vermək taleyimizə yazılmış olar, bu elə də böyük və həlli olmayan məsələ deyil. Günahsız insanların  qurban verilməsi isə bağışlanmazdır, buna görə məsuliyyət Rusiyanın üzərinə düşür.

Bizim Azərbaycanla münasibətlərimizə gəldikdə isə, demək istərdim ki, onlar bütün sınaqlardan keçiblər. Qeyd etmək istəyirəm ki, biz Azərbaycana ən çətin belə məqamlarda, lazım olduğu yerdə Ukraynanın xeyrinə siyasi qərarlar qəbul etdiyinə görə minnətdarıq. BMT Baş Assambleyasının mart ayında keçirilən iclasında bəyannamə qəbul edilib. Onun qəbulu zamanı, Azərbaycan MDB-də çox az ölkələrdən biri oldu ki, bizi dəstəkləsin. Biz Azərbaycanın hansı təzyiqlərə məruz qaldığını  anlayırıq və buna görə də rəsmi  Bakıya öz dərin minnətdarlığımızı bildiririk.

İkinci bir məqam isə Ukrayna ərazisində olan qanunsuz silahlı  bölmələrə yalançı legitimlik vermək məqsədilə Rusiyanın dəstəyi ilə Donbasda keçirilən qondarma seçkilər idi. Azərbaycan bu seçkiləri tanımayacağı və Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi haqda açıq və dəqiq  mövqeyini bildirmişdi.

Təbii ki, bizim ikitərəfli əmtəə dövriyyəmizdə müəyyən rəqəmlərdə azalma var, çünki əmtəə dövriyyəsinin əhəmiyyətli faizini bu gün Rusiyanın dəstəyi ilə terror qrupları tərəfindən zəbt olunan Donbasdakı müəssiələrdə hasil olunan metal və metallurgiya məhsulları təşkil edirdi. Əmtəə dövriyyəsi həcminin azalmasına baxmayaraq, ikitərəfli dialoqun pozitiv dinamikası bu gün də  qalmaqdadır.

Gələcək inkişaf dinamikasını biz intensiv surətdə müzakirə edirik, xüsusilə bu yaxınlarda Bazeldə ATƏT XİNŞ çərçivəsində ölkələrimizin xarici işlər nazirlərinin görüşünü qeyd etmək istərdim. Görüş zamanı ikitərəfli münasibətlərin gələcək dinamikası müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin Ukraynaya rəsmi səfəri nəzərdə tutulub. Bu Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıq çərçıvəsində görülən işlərdən öncə baş tutacaq. Belə ki,i son dəfə 2013-cü il noyabr ayında Azərbaycan prezidentinin Ukraynaya səfəri baş tutub. İndi isə bizim növbəmizdir. Lakin Ukraynada növbədənkənar prezident və parlament seçkiləri keçirildiyinə görə bu qrafik bir qədər yerini dəyişib. Buna baxmayaraq, biz bunun üçün hazırlıq işləri aparırıq. İqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclası bizim qarşılıqlı münasibətlərimiz çərçivəsində mühüm siyasi hadisədən öncə, yəni,  Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk səfərindən əvvəl baş tutacaq.

Biz bu görüşü çox əhəmiyyətli hesab edirik. Ukrayna və onun hazırki hakimiyyəti strateji əməkdaşlıq xəttinə tam riayət etməyə hazırdır. Əgər Cənubi Qafqazda bizim strateji əməkdaşımız Azərbaycandırsa, məhz həmin ölkə ilə də ən sıx əməkdaşlıq olmalıdır.

Biz hansı istiqamətdə irəliləməyi və Azərbaycan müəyyən təcrübəsinin harada istifadə edə biləcəyimizi müzakirə edəcəyik. Bizim üçün bir çox məsələ, xüsusilə də məcburi köçkünlərlə iş üzrə bağlı məsələlər böyük maraq kəsb edir. Ölkəmizdə 500 mindən artıq məcburi köçkün var. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Təəssüflə deyə bilərəm ki, bu gün biz bu məsələdə eyni vəziyyətdəyik. Hər iki ölkə təcəvüzün qurbanıdır. Mən artıq respublikanın baş nazirinin müavini cənab Əli Həsənovla söhbət etmişəm. Biz razılığa gəlmişik ki, Ukraynada məcburi köçkünlərlərlə bağlı məsələlərə cavabdeh olan bir qurum yaradılan kimi Ukrayna nümayəndə heyəti Bakıya gələcək və azərbaycanlı həmkarlarından bu sahədə təcrübə əldə edəcəklər. Bizim üçün bu problem tamamilə gözlənilməz  oldu. Həm hakimiyyət, həm iqtisadiyyat və həm də  ümumilikdə ölkə və cəmiyyətimiz üçün də bu bir böyük problemə çevrildi. Bu insanlar evlərindən, dinc yaşamaq imkanından məhrum oldular. Bunu Azərbaycan 20 il əvvəl yaşayıb və insanların uyğunlaşması, yaşayış yerləri və infrastrukturun yaradılması, işlə təmin olunmasında uğurlu nəticələr əldə edə bilmişdir. Əminəm ki, biz bu istiqamətdə səmərəli  əməkdaşlıq edəcəyik.

Əlbəttə ki, digər məsələlər - iqtisadiyyat, energetika, hərbi-texniki, elmi-texniki əməkdaşlıq, tikinti sahəsi gündəlikdə qalır, və biz prezidentin səfərindən öncə geniş gündəlik hazırlamalı, ikitərəfli əməkdaşlığın ən mühüm məsələlərini prezidentlərin müzakirəsinə hazırlamalıyıq.

-Siz Ukraynada vəziyyətlə əlaqədar iki ölkə arasında əmtəə dövriyyəsinin azalması haqqında danışdınız. Bu rəqəmlər nə dərəcədə azalıb?

-Bizdə əmtəə dövriyyəsinin təxminən 250-300 mln. dollar həcmində düşməsi müşahidə olunur. Yəni, əgər əvvəllər əmtəə dövriyyəsinin maksimal həcmi 1,5 mlrd. dollar təşkil edirdisə, yekun rəqəmin olmamasına baxmayaraq, bu il bu sahədə 300 mln. dollara qədər azalma müşahidə olunur.

Mən düşünürəm ki, Ukraynada vəziyyətin normallaşması ilə bərabər hər şey əvvəlki kimi olacaq. Bizim başqa sahələrdə də iş birliyimiz var - bu yüksək texnologiyalar və elmlə bağlı sferalardır.

-Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığı nə vəziyyətdədir?

-Energetika məsələsi daim müzakirə olunur və təəssüflər olsun ki, Ukraynanın əvvəlki hökuməti bu məsələdə  Azərbaycanla danışıqlarda ardıcıl olmadığı üçün  hələki məsələ həll olunmayıb. Yəni, Bakıya səfəri zaman bütün məmurlar perspektivlərin olması və onların vacibliyi haqqında danışırlar, lakin məsələ hələ həllini tapmayıb. Ukraynanın bütün zavodları Rusiya nefti ilə işləyir,  tərkibi fərqli olan Azərbaycan neftini qəbul etmək üçün Ukrayna NEZ əsaslı şəkildə modernizasiya olunmalı idi, bu isə həyata keçirilməmişdir. 

Bunu əvvəlcədən görmək, bu sahəyə vəsait qoymaq lazım idi, lakin hər kəs ani gəlir haqqında düşünürdü və enerji resurslarından silah kimi istifadə edən Rusiya ilə belə vəziyyət yarandıqdan sonra  hamı dərk etməyə başladı ki, bu sxemdən əl çəkmək və enerji bazarlarındakı işi diversifikasiya etmək lazımdır. Bu gün bir çoxları zavodları yenidən qurmağın və yeni avadanlıqlarla təchiz etməyin, həmçinin digər neft növlərinə, o cümlədən Azərbaycan neftinə keçməyin zəruri olduğunu hesab edirlər.

Biz bu qərarı qəbul edib, zavodların modernizasiyasına başlayan kimi enerji mövzusu bizim üçün başlıca mövzuya çevriləcək. 

Bu gün mən əminəm ki, yeni hökumət Azərbaycanla əməkdaşlığın perspektivlərini dərk edir və bu istiqamətdə qəti addımlar atacaq. 

-Ukraynanın şərqində hələ də insanlar öldürülür. Mütəmadi olaraq KİV-də ölkənin şərqində azərbaycanlıların yoxa çıxması, qaçırılması və hətta hərbi əməliyyatlarda iştirak etməsi haqqında xəbərlər yayılır. Sizdə Ukraynanın şərqində saxlanılan azərbaycanlılar haqqında hər hansı bir məlumat varmı? Səfirliyə müvafiq müraciətlər olunubmu? 

-Əlbəttə ki, belə hallar mövcuddur. Lakin bu məsələ daha çox Azərbaycanın Ukraynadakı səfirliyinə aid olduğundan, bizə bununla bağlı az müraciət olunur. Bizə vətəndaşlardan cəmi bir neçə müraciət daxil olub və biz bu haqda informasiyanı Ukrayna DİN orqanları və Azərbaycan səfirliyinə göndərmişik. Münaqişə zonasında vəziyyətə nəzarət olunmadığına görə mən güman edirəm ki, orada Rusiyanın təcavüzünə qarşı mübarizə aparan insanlar arasında etnik azərbaycanlılar da ola bilər. Düşünürəm ki, qətlə yetirilənlər arasında da azərbaycanlılar da olması istisna deyil. Və mən milliyətindən asılı olmayaraq bütün ölənlərin ailələrinə dərin başsağlığı verirəm, axı insan həyatı heç bir şeylə əvəz oluna bilməz. 

İlkin məlumatlara görə, bu gün Ukrayna vətəndaşı olan 600-dən artıq insan əsir götürülüb və mən əminliklə deyə bilmərəm ki, onların arasında azərbaycanlı yoxdur. Biz bu məsələ ilə bağlı iş aparırıq. Prezidentimiz işğal altında olan ərazilərin azad olunması tələbi ilə yanaşı hər zaman bütün əsir və girovların da azad olunması tələbi ilə çıxış edir. Mən sizi əmin edirəm ki, Ukrayna hökuməti heç bir əsirə laqeyd qalmayacaq və hər bir insanın həyatı üçün axıra kimi mübarizə aparacaq. 

Azərbaycan vətəndaşlarının separatçılar sırasında iştirak etməsinə dair mətbuatdakı məlumata gəldikdə isə, onu deyə bilərəm ki, əlbətdə ki, tək-tək hallar mövcuddur və bununla bağlı müəyyən istintaq işləri aparılır. Lakin rəsmi Kiyev bunu Azərbaycanın hadisələrə olan mənfi  münasibəti kimi qiymətləndirmir. Təəssüflər olsun  ki, hər bir ölkədə, hər bir millətdə öz şəxsi mənfəəti naminə qanunu, mənəviyyatı və dostluq hisslərini tapdalamağa hazır olan şəxslər var. 

-Hazırda Ukraynanın cənub-şərqində vəziyyət necədir? Ölkənin şərqində və qərbində yaşayan insanların münasibətinə bu necə təsir edəcək?

- Mənim fikrimcə, bu bizim xalqın dərin yarasıdır. Lakin bu vəziyyət yaranmasına xaricdən təhriklər edildiyinə görə, düşünmürəm ki, bu problem sonralar Ukrayna əhalisi arasında qarşıdurmalara səbəb olsun. Lakin bütün bunlar hər şey sakitləşəndə, bunları təşkil edənlərin və qurbanların adları çəkiləndə, konstitusiya qaydalarına və qanunlara tam riayət olunandan sonra baş verəcək. O zaman Rusiyanı dəstəkləyən bəzi insanlar, nəhayət ki, özlərinin aldanıldığını görəcəklər.

Qeyd etmək lazımdır ki, Xarkov, Dnepropetrovsk, Zaporojye, Herson bu terrorizmi dəstəkləməyib, çünki məhz Donetsk və Luqansk şəhərlərində hakimiyyət strukturlarındakı insanlar Yanukoviçin yaxın əhatəsindən idilər. Bu vilayətlər onun "malikanə"ləri hesab edilmiş, hakimiyyətdə onun adamları yerləşdirilmişdir, və Ukraynanın şərqindəki vəziyyət, əsasən, bu korrupsiyaya uğramış hakimiyyətin fəaliyyətinin nəticəsidir.

Ukraynada heç vaxt Şərq və Qərb arasında qarşıdurma və düşmənçilik olmamışdır. Mən özüm Donetsk şəhərində məktəbi bitirmişəm və ali təhsil almışam və əminliklə deyə bilərəm ki, nə rus dilinin, nə rusdilli əhalisinin sıxışdırılması heç vaxt baş verməmişdir və vermir. Ukraynanın hər bir regionunun öz spesifikası, öz xüsusiyyəti var, lakin bunun "konfrontasiya", "düşmənçilik" və s. anlayışları ilə heç bir əlaqəsi yoxdur.

Ukrayna cəmiyyətində qarşıdurma mövzusu ilk dəfə Yanukoviçin 2004-cü ilin prezident  seçkiləri  kampaniyası zamanı siyasi texnoloqlar (o cümlədən Rusiyanın) komandası tərəfindən ortaya atılmışdır. Beləliklə, Kremlin ideoloqlarının fəaliyyətindən  istifadə edərək, Yanukoviç hakimiyyət uğrunda mübarizə aparmış, eyni zamanda, Moskva bu oyunda öz uzaq gələcəyə tuşlanmış planlarını həyata keçirmək niyyətində olmuşdur. Bu plana Ukraynanın parçalanması və, beləliklə də, onun Rusiyanın təsiri altından çıxmaması və AB inteqrasiyanın qarşısının alınması daxil olmuşdur.

Belə ki, FTB mütəxəssisləri tərəfindən faşizm, xunta, benderlər və digər ağlasığmaz cəfəng ideyalar ortaya atılmışdır. Bu kontekstdə mən demək istərdim ki, bu yaxınlarda mən Rusiya hökümətinin sabiq başçısı Mixayil Kasyanovun böyük müsahibəsini oxumuşam. O, Putinin hakimiyyətinin necə fəaliyyət göstərdiyi barədə dəqiq danışır. Bu üç üsuldur - "pulla ələ alma, şantaj və provokasiya". O, Putinin məhz bu DTK metodlarına əl ataraq, ölkədə “qaykaların bərkidilməsi” üzrə hərəkətlərini təhlil edir. Onun düşüncəsində heç nə dəyişməyib. Putin eyni metodlara əl ataraq, onları uğurla tətbiq edir, o cümlədən Krımın anneksiyası və Ukraynanın şərqində müharibənin başlanması da buna sübutdur.

Kremlin ikiüzlülüyü göz qabağındadır – Qərbi bütün günahlarda ittiham edir, lakin heç kim sual vermir ki, hansı səbəbdən, demək olar ki, bütün indiki Rusiya siyasətçilərinin övladları Ulan-Batorda və ya İrkutskda yox, Rusiya hakimiyyətinin sözlərinə görə, ikili standartlarla yaşayan “çürüyən” Qərbdə, Amerikada, Avropada təhsil alırlar.

- Ukraynanın yeni hakimiyyəti özünü AB-yə inteqrasiyanın tərəfdarı kimi təqdim edib. Sizcə, Ukraynanın AB-yə üzv olması perspektivləri necədir?

- Assosiasiya haqqında saziş AB ilə siyasi və iqtisadi əməkdaşlıq üzrə konkret hərəkətlərin proqramından ibarətdir və onun icrası Ukraynanın AB tamhüquqlu üzvü olması barədə danışıqlara zəmin yaradır. Ukraynanın Prezidenti Pyotr Poroşenko bildirib ki, əgər bütün cəmiyyətin, bütün siyasi qüvvələrin hər bir sahədə ağrılı, lakin alternativsiz reformaları həyata keçirmək üçün iradəsi və cəsarəti olsa, Ukrayna üçün bu perspektiv artıq 6 ildən sonra yarana bilər.

Bu baxımdan növbədənkənar parlament seçkilərinin nəticələri səciyyəvidir. Avropayönümlü koalisiya Ukraynanın qanunverici orqanının yeni heyətinin legitim çoxluğunu təşkil etdi, yəni hal-hazırda avropaya meyillilik, demək olar ki, bütün Ukrayna xalqının seçimidir.

-Ukrayna gələn il GUAM-da sədrlik edəcək. GUAM-ın hər dörd üzvünün ərazi bütövlüyü problemləri ilə qarşılaşdığı bir təşkilat olduğunu nəzərə alaraq, Ukrayna hansı addımları atmaq niyyətindədir? 

- Bu yaxınlarda Bazeldə keçirilən GUAM ölkələri nazirlərinin görüşündə bizim nazirimiz bildirib ki, GUAM işini daha praqmatik etməyə, regionumuzda mövcud olan problemlərə diqqətini daha da artırmağa çalışacaq. Bu problemlərdən ən əsası isə - hər bir ölkənin ərazi bütövlüyü və suverenliyidir. Hər bir GUAM ölkəsi xarici təcavüzün qurbanıdır. Belə təcavüz faktlarının arxasında isə Rusiya və ya onun maraqları dayanıb. Buna görə də təcavüzü dayandırmaq, Ukraynada müharibəni başa çatdırmaq və hər bir ölkəyə məxsus əraziləri özünə qaytarmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyi ilə  birgə səylər tələb olunur. Məhz bu GUAM təşkilatının prioriteti olmalıdır. Lakin elə beynəlxalq ictimaiyyətin Qarabağ, Dnestryanı və Gürcüstandakı hadisələrə vaxtında reaksiya verməməsi Ukraynadakı təcavüzə gətirib çıxarmışdır və bundan sonra da başqa bu kimi mfaciələrə yol aça bilər. Bu  haqqda mlumatları dünya ictimayyətinə çatdırmaq lazımdır. 

Təəssüflər olsun ki, əksər hallarda təcrübə göstərir ki, bir çox ölkələr və insanlar başqasının səhvlərindən ibrət götürmür. Mənim azərbaycanlı həmkarlarım mənə deyirlər: "Vaxtında biz sizə deyirdik. Qarabağ probleminə biganə qalmayın, belə durum Ukraynada da ola bilər". Lakin demək istəyirəm ki, Ukraynada buna heç kim inana bilmirdi. Elə yəqin ki, Gürcüstanda və Moldovada belə hadisələrin olacağına inanmırdılar. 

Düşünürəm ki, dünyada bir çoxları artıq başa düşüblər ki, təcavüzü 20 il keçdikdən sonra deyil, yarandığı andan təcavüz adlandırmaq lazımdır. Təəssüf ki, bu gün Rusiyaya qarşı tətbiq olunan sanksiyalar təsir etsə də, lakin Putinin təcavüzünü dayandırmaq üçün kifayət etmir. Əgər bunu biz bu gün dayandırmasaq, kim bilir ki, Kremlin aqressiv siyasətinin növbəti qurbanı kim olacaq.

Ukraynada heç kim Rusiya ilə münaqişəyə görə sevinmir, lakin eyni zamanda hamı dərk edir ki, ukraynalılardan başqa öz azadlığı və suverenliyinə görə heç kim mübarizə aparmayacaq. Buna görə də təcavüzü dayandırmaq üçün həm diplomatik səyləri artırmalıyıq, həm də torpaqlarımıza gəlib  xalqımıza necə davranmağı göstərən işğalçıların həmlələrini dəf etməyi bacarmalıyıq. 

Buna görə də hesab edirəm ki, beynəlxalq ictimaiyyətin bir hissəsi olan GUAM  digər beynəlxalq təşkilatlar - ATƏT və BMT  ilə əməkdaşlıq edərək dörd ölkənin ərazi bütövlüyünün qorunması, onun bərpası, işğal olunmuş torpaqların azad oluması üzrə strategiya hazırlaya bilər və belə də etməlidir. Daha sonra isə, bu Rusiya ilə münasibələrin normallaşmasına imkan yaradacaq. Həqiqətən də, biz Rusiya ilə əməkdaşlıq etməliyik və edəcəyik də, lakin aqressiv Putin ideologiyası olmadan. Mən əminəm ki, həmin ideologiya sadə rus xalqının maraqları ilə də qətiyyən üst-üstə düşmür.

Son xəbərlər

Orphus sistemi