Səfir: "Misir Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir"

Səfir: "Misir Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir" ​Elmar Məmmədyarov Misirin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici siyasət
9 Oktyabr , 2015 20:17
Səfir: Misir Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Suzan Mouh Cəmili qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Suzan Mouh Cəmil etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu qeyd olunaraq, birgə səylərlə iqtisadiyyat, elm-təhsil, enerji, kənd-təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. Hökumətlərarası birgə əməkdaşlıq komissiyasının fəaliyyətinin və iki ölkə arasında birbaşa hava uçuşlarının ikitərəfli iqtisadi-ticarət və turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında qarşılıqlı dəstəyin və əlaqələndirmənin vacibliyi ifadə olunaraq, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar qeyd olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nın münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsi diqqətə çatdırıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən kimin təcavüzkar, kimin isə təcavüz və işğala məruz qalan ölkə olmasının aydın şəkildə müəyyən olunduğunu deyən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyinin də birmənalı xarakter daşımalı olduğunu vurğulayıb. Azərbaycanın hər bir halda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağını qeyd edən nazir ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş hüququndan da istifadə etmək iqtidarında olduğunu nəzərə çatdırdı. O, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın qəti mövqeyinin BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını deyib.

Görüş zamanı səfir ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunlarının möhtəşəm təşkili edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir Misirin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə Yaxın Şərq və Şimali Afrika regionunda cərəyan edən proseslər barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Səfir Suzan Mouh Cəmilə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi