Bu gün Yaponiya imperatoru Naruhitonun doğum günüdür.
“Report” xəbər verir ki, bu münasibətlə həmin ölkənin Azərbaycandakı səfiri Cuniçi Vada (Junichi Wada) bəyanat verib.
Səfir bildirib ki, imperatorun fəaliyyətində xarici ölkələrlə dostluq əlaqələrinin genişləndirilməsi mühüm yer tutur: “Özü başqa ölkələrə səfərə gedir, Yaponiyada əcnəbi liderləri qarşılayır, habelə xarici səfirləri qəbul edir, xarici ölkələrə Yaponiyanın səfirlərini göndərir. Ötən il imperator Azərbaycanla Yaponiya arasında dostluğu daha da möhkəmləndirmək üçün şəxsən mənə xeyir-duasını verib. Mən də işimi görüb imperatorun bu xeyir-duasını yerinə yetirməyə çalışıram”.
Xatırladaq ki, Yaponiyada imperatorun doğum günü rəsmi bayram olaraq qeyd olunur. 2019-cu ilin may ayından taxta çıxmış hazırkı imperator Naruhito 1960-cı il fevralın 23-də dünyaya gəldiyi üçün bu tarix 2020-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.