Yuxarı
    Bağlamaq

    Səfir: "İtaliyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək"

    TAP layihəsi İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq

    Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” adlı məqaləsi dərc olunub.

    "Report"un məlumatına görə, diplomat məqalədə bildirir ki, əslində, Azərbaycan-İtaliya arasında təmaslar qədim tarixə malikdir.

    "Bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması, XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri, orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur. 1918-1920-ci illərdə İtaliya müsəlman şərqində ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurmuş və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərib" - diplomat bildirir.

    Sonra Məmməd Əhmədzadə İtaliyanın Azərbaycana verdiyi dəstəyindən, bu ölkənin Cənubi Qafqazda ilk səfirliyinin məhz Azərbaycanda açılmasından bəhs edib.

    İqtisadi əməkdaşlıqdan söz açan səfir deyib ki, 10 ildən çoxdur İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir: "Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirilib. TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq. Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə bəşəriyyətin beşiyi olan İtaliya ilə arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanacaq Cənubi Qaz Dəhlizidir. Əməkdaşlıq, inkişaf və rifah isə sülh və sabitlikdən keçir".

    Dağlıq Qarabağ mövzusuna gəlincə, M.Əhmədzadə ümidvar olduğunu bildirib ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi