Səfir: “İsveç Aİ və Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”

Səfir: “İsveç Aİ və Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır” "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan ixracı və ixrac marşrutlarının diversifikasiyası üçün vacibdir"
Xarici siyasət
13 İyul , 2016 12:22
Səfir: “İsveç Aİ və Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”

Bakı. 13 iyul. REPORT.AZ/ "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan ixracı və ixrac marşrutlarının diversifikasiyası üçün vacibdir".

"Report" xəbər verir ki, bu sözləri İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman "Caspian Energy İnternational Media Group"un prezidenti Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspain Energy”nin nümayəndə heyəti ilə görüşdə deyib.

Görüş zamanı səfir bu layihənin neft-qaz resurslarının idxalının diversifikasiyası imkanı baxımından Avropa İttifaqı üçün də vacib olduğunu qeyd edib. “Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər maliyyə təşkilatlarının boru kəmərlərinin inşası layihəsini dəstəkləmələrinin əsas səbəblərindən biridir. Fikrimcə, bu, həm bizim hamımız üçün, həm də Aİ ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı üçün olduqca mühümdür”, - deyə səfir vurğulayıb.

“Bu, eyni zamanda inşaat, enerji resurlarının tədarükü, layihəçəkmə, xidmət göstərmə ilə məşğul olan İsveç şirkətləri üçün böyük fürsət ola bilər. Çünki bizim sözün əsl mənasında yaxşı təcrübəmiz var və şirkətlərimiz ən mürəkkəb problemləri həll etməyə qadirdir”, - deyə o, çıxışına davam edib.

Görüş zamanı səfir qeyd edib ki, enerji resursları və ya neft ixracatı barəsində söhbət gedərkən Azərbaycanın adı böyük sərvətə malik ölkə kimi xatırlanır: "Neftin qiymətinin düşməsi əlbəttə ki, həm ölkə, həm də onun iqtisadiyyatı üçün əsl çağırış oldu. Amma bunu təkcə çağırış, xəbərdarlıq kimi yox, eyni zamanda Azərbaycanda iqtisadi islahatların başlanmasının əsas səbəblərindən biri kimi qiymətləndirmək olar".

Xanım Tersman islahatların keçirilmə prosesinin gələcəkdə də davam edəcəyinə, aparılan islahatların nəinki ölkə iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə təkan verəcəyinə ümid bəslədiyini bildirib: "Çünki isvestorlar bazarda sabitlik, şəffaflıq və bərabər şərtlərə güvənirlər. Aparılan islahatlar bazarda qeyd olunan şərtlərin yaranmasını təmin edirsə, heç şübhəsiz ki, bu proses investorların ölkəyə olan marağını artıracaq və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edəcək. Bu, eyni zamanda İsveçrə şirkətlərinin artıq mövcud olan marağını bir qədər də artıracaq”.

Azərbaycanla Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün yeni hüquq bazasının yaradılması məsələsinə gəlincə, İ.Tersman İsveçin bu prosesi birmənalı dəstəklədiyini qeyd edib. “Biz bu məsələ ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların başlanmasını böyük səbirsizliklə gözləyirik. İsveç tərəfi olaraq həmin razılaşmanın əldə ediləcəyinə, zəruri məsələyə çevriləcəyinə, iqtisadi əməkdaşlıq və imkanlarla bağlı bir sıra istiqamətləri əhatə edəcəyinə, bizim ümumi dəyərlərimizə yönələcəyinə ümid bəsləyirik. İsveç xarici işlər naziri Marqot Valstrem mart ayında Azərbaycana səfəri zamanı açıq-aşkar bildirib ki, İsveç Avropa İttifaqı ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”, - deyə xanım səfir çıxışına yekun vurub.

Son xəbərlər

Orphus sistemi