Səfir: “Fransa müəssisələri Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasını dəstəkləməyə hazırdır” - MÜSAHİBƏ

Səfir: “Fransa müəssisələri Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasını dəstəkləməyə hazırdır” - MÜSAHİBƏ “Fransa-Azərbaycan İqtisadi Komissiyasının növbəti iclası bu ilin sonlarında Parisdə keçirilməlidir”
Xarici siyasət
5 Sentyabr , 2016 15:40
Səfir: “Fransa müəssisələri Azərbaycan iqtisadiyyatının çoxşaxəli olmasını dəstəkləməyə hazırdır” - MÜSAHİBƏ

Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşenin “Report”a müsahibəsi:

- Payızda Bakıda Azərbaycan-Fransa İnstitutunun açılışı planlaşdırılıb. Onun necə fəaliyyət göstərəcəyi barədə daha ətraflı danışmağınızı istərdik. Hər il orada neçə azərbaycanlı tələbə təhsil alacaq?

- Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan çox ambisiyalı layihəyə 2014-cü ildə başlanılıb və bu ilin sentyabr ayında Azərbaycan-Fransa Universitetinin (UFAZ) açılışı olacaq.

UFAZ Strasburq Universiteti (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ASOIU) başçılığı altında birgə layihədir. UFAZ kimya mühəndisliyi, neft mühəndisliyi, geofizika və informatika istiqaməti üzrə tədris aparacaq və bakalavr səviyyəsində ikili diplom proqramı (Fransa və Azərbaycan diplomları) təklif edir. Bu diplomlar həm Fransada, həm də Azərbaycanda tanınacaq.

Yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərdən ibarət beynəlxalq müəllim heyəti əsasən ingilis dilində mühazirə oxuyacaq, fransız dili isə tədricən inteqrasiya olunacaq.

Bütün proqramın 4 ilini əhatə edən dövlət təqaüdləri UFAZ-a daxil olan 160 tələbədən 120-nə veriləcək.

- "Alstom", "Bombardier", "Thales" kimi Fransanın bir sıra iri şirkəti Azərbaycan Dəmir Yollarında siqnal sisteminin müasirləşdirilməsi, eləcə də Bakı Metropoliteninin modernləşdirilməsi üzrə layihələrdə iştirak edir. Fransa şirkətlərinin Azərbaycanda iştirakının artırılması və onların yeni infrastruktur layihələrində iştirak etməsi planlaşdırılırmı?

- Azərbaycan MDB ölkələri arasında Rusiya, Ukrayna və Qazaxıstandan sonra ixracatımızda dördüncü yerdədir və hazırda Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ildə dövriyyəmiz 1,3 milyard avro təşkil edib. Ticarət əlaqələrimiz karbohidrogenlərlə sıx əlaqədardır. Mübadilələrimizin məbləğinin azalması 2014 və 2015-ci illərdə neftin qiymətinin aşağı düşməsi ilə izah olunur. 2015-ci ildə Azərbaycana ixracatımız 175 milyon avro təşkil edib. Əsas ixracat malları nəqliyyat vasitələri, mexaniki avadanlıq, elektrik, elektronika və informatika avadanlığı və həmçinin kimya, ətriyyat və kosmetika mallarıdır. Yerli statistik məlumatlara görə, 2014-cü ildə Azərbaycan idxalının 1,8 fazini fransız məhsulları təşkil edib. 2015-ci ildə Azərbaycandan idxalımız 1,13 milyard avro təşkil edib. Onu da demək olar ki, çox böyük hissəsini (98-99%) karbohidrogenlər təşkil edib. 2015-ci ildə neftin qiymətinin azalması səbəbindən bizim idxalın məbləğində və nəticədə ümumi dövriyyəmizdə, aşağı düşmə müşahidə olunur. Yerli statistik məlumatlara əsasən, Fransa ilə mübadilələr Azərbaycan xarici ticarətinin 5,4 faizini təkil edir və o bizim altıncı müştərimizdir. Ticarət balansı ənənəvi olaraq Azərbaycanın xeyrinə olur. 2015-ci ildə bu məbləğ 955 milyon avro təşkil edib. Fransa enerji, maliyyə, nəqliyyat, ətraf mühit, ərzaq malları və getdikcə paytaxtda açılan fransız mağazalar sistemi ilə istehlak malları sahələrində fəaliyyət göstərir. Hazırda Azərbaycanda 40-a qədər fransız müəssisəsi fəaliyyətdədir. Bizim müəssisələr Azərbaycanda mühüm müqavilələr əldə etməyə nail olub: CNİM (tullantıların emalı və enerjinin bərpası), "İveco" (avtobus), "Spot 7" (peyk), "Arianespace" (2-ci telekommunikasiya peykinin buraxılması), "Thales" (hava nəqliyyatının idarə olunması+metro avadanlığı), "Axens" (Bakı neftayırma zavodunun yenidən qurulması), "Alstom" (dəmiryol lokomotivləri).

- Maliyyə böhranı bu əməkdaşlığa necə təsir edib?

- İqtisadi böhran bir sıra Azərbaycan investisiyalarının dondurulmasına səbəb oldu. Ölkənin iqtisadi inkişafını təmin etmək üçün Azərbaycan hökuməti iqtisadiyyatını çoxşaxəli etmək qərarı verdi. Fransız müəssisələri iqtisadiyyatın çoxşaxəli olması hərəkatını dəstəkləməyə hazırdır, çünki, bu, Fransa-Azərbaycan tərəfdaşlığının inkişafına imkan yaradır. Hər iki ölkə üçün sərfəli olan belə bir inkişaf elə vüsət alacaq ki, nəticədə elan edilmiş islahatlar davam etdirilə biləcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, Avropa Birliyi ölkələri arasında "Engie" şirkəti "Şahdəniz 2" yatağından çıxarılan qazın əsas alıcısı olacaq. Fransa Azərbaycana xarici sərmayə yatıran mühüm bir ölkədir: yerli statistik məlumatlara əsasən, 2014-cü ildə Azərbaycana daxil olan xarici investisiyaların 6,7%-i Fransanın payına düşür.

- Azərbaycan və Fransa arasında iqtisadi və humanitar əməkdaşlığın inkişafını necə qiymətləndirirsiniz?

- Bu tərəfdaşlığı inkişaf etdirmək üçün bir əməkdaşlıq çərçivəsi mövcuddur. Fransa ilə Azərbaycan sərmayələrin qorunması barədə ikitərəfli müqavilə (1998-ci ildə imzalanıb və 2000-ci ildə qüvvəyə minib) və ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya (2001-ci ildə imzalanıb və 2005-ci ildə qüvvəyə minib) imzalayıb. Fransa-Azərbaycan İqtisadi Komissiyası növbə ilə ölkələrimizin birində öz iclaslarını keçirir və onun məqsədi ikitərəfli iqtisadi əlaqələri stimullaşdırmaqdır. Azərbaycanın maliyyə naziri və Fransanın Xarici Ticarət üzrə Dövlət katibinin sədrlikləri ilə sonuncu iclas 2013-cü il noyabrın 26-da Bakıda keçirilib. Növbəti iclas 2016-cı ilin sonlarında Parisdə keçirilməlidir. 

2014-cü ilin may ayında Bakıya səfər edən Prezident Fransua Olland fransa-azərbaycan iqtisadi əlaqələrinin inkişafına vüsət verdi. Bu səfər dövründə Fransa və Azərbaycan şirkətləri arasında iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin intensivlədirilməsinə təkan verən 11 sənəd imzalanıb. 2016-cı ilin may ayında MEDEF İnternational-ın, 12 fəaliyyət sektorunu əhatə edən (bank, tikinti və infrastruktura, telekommunikasiya, nəqliyyat, logistika, şəhər xidməti və ətraf mühit, müdafiə, enerji, turizm, konsaltinq, daşınmaz əmlak, kənd təsərrüfatı və ərzaq məhsulları) 28 şirkəti təmsil edən, 44 nəfərdən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub. Fransa özəl sektorunu təmsil edən bu mühüm nümayəndə heyətinin səfəri prezident Fransua Ollandın 2014-cü ildə Bakıya etdiyi dövlət səfərindən sonra baş verib. Nümayəndə heyəti Bakıda səmimi və çox mehribanlıqla qarşılanıb. Xüsusilə o, Prezident İlham Əliyev tərəfindən qəbul edilib və bu, prezidentlə əməkdaşlıq perspektivlərini müzakirə etmək şəraiti yaradıb. 

Daha sonra isə Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə nazirləri ilə görüşlər olub. Nümayəndə heyəti üzvlərinin sayı və təmsil etdikləri sektorların müxtəlifliyi, Fransanın Azərbaycana maliyyə yatırmasında və ikitərəfli mübadilələri genişləndirməsində maraqlı olduğunu göstərir. Bu səfər fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının gələcək inkişafına inamla yanaşdığını sübut edir. Fransız İnkişaf Agentliyi əməkdaşlığın yeni sektorlarını öyrənmək və Fransa-Azərbaycan iqtisadi əlaqələrini inkişaf etdirmək üçün Azərbaycana çoxsaylı səfərlər edib.

- Turizm sahəsində əməkdaşlığın inkişafı üçün hansı addımlar atılır? Son illərdə Fransaya səfər edən azərbaycanlı turistlərin sayında artım varmı? Bir neçə böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdikdən sonra Azərbaycan fransalı turistlər üçün daha cəlbedici olubmu?

- Turizm sektoru ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sahədir, o, ümumi daxili məhsulun 7 faizini təşkil edir və burada 2 milyon iş yeri var. Verilən vizaların sayının artması ölkəmizin Azərbaycanda cəlbediciliyinin artmasına əyani sübutdur. Konsulluq şöbəsi 2010-cu ildə 7 685 viza verib, 2015-ci ildə isə bu rəqəmlər 17 467 olub, böhranla əlaqədar olaraq, 2016-cı ilin birinci rübündə azalma müşahidə edilib. Fransa ilə Azərbaycan arasında turist mübadiləsi imkanlarının tükənməsinə hələ çox var, çünki ölkələrimizin zəngin tarixi irsinin və füsunkar təbiətinin qarşılıqlı cəlbediciliyi çox böyükdür.

Son xəbərlər

Orphus sistemi