“Ermənistan Orta Dəhliz layihəsində Azərbaycanın mühüm tərəfdaşı ola bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqada “Orta Dəhliz - Avropa üçün yeni üfüq” mövzusunda keçirilən konfransda deyib.
Diplomat çıxışı zamanı konfrans iştirakçılarına rəsmi Bakının tutduğu mövqe və bu layihədən gözləntiləri barədə məlumat verərək, layihənin ən mühüm nəticəsinin təkcə Çin, Mərkəzi Asiya və Avropa arasında yüklərin daha səmərəli daşınması yox, həm də layihənin bütün marşrutu boyunca regiondaxili əməkdaşlığın intensivləşdirilməsi olacağını vurğulayıb.
O, həmçinin qeyd edib ki, Orta Dəhliz layihəsinin uğurla həyata keçirilməsi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa təkan verəcək. Bu kontekstdə səfir konfrans iştirakçılarının diqqətini Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın bu layihənin həyata keçirilməsində Azərbaycan və Gürcüstan üçün mühüm tərəfdaş ola biləcəyinə yönəldib.
Qeyd edək ki, Niderlandın çoxsaylı işgüzar dairələri, hökumət, media və ekspert icmasının nümayəndələrini bir araya gətirən Haaqadakı konfrans Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin Niderlanddakı səfirlikləri tərəfindən birgə təşkil olunub.
Konfransda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov da iştirak edib və təqdimatla çıxış edib.