Yuxarı
    Bağlamaq

    ​Səfir: “Bakıda qəzaya düşən avstriyalı idmançı sağdır”

    “Meydan TV-nin avstriyalı idmançının vəfat etməsi ilə bağlı yoxlanılmamış məlumat yayması təxribat xarakterli hərəkətdir”

    Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov avstriyali idmançı Vanessa Sahinoviç ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. “Report”un xəbərinə görə, səfir AZƏRTAC-a müsahibəsində deyib: “Meydan TV informasiya saytının avstriyali idmançı Vanessa Sahinoviçin vəfat etməsi ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil. Vanessa Sahinoviç sağdır. Səfirliyin nümayəndələri bu gün və dünən Vanessanın ailəsi, həkimi ilə görüşüblər. Onlar Vanessanın vəziyyətinin stabil olaraq qaldığını bildirirlər. İdmançının həyatı üçün heç bir təhlükə yoxdur və onun müalicəsində müsbət dinamika müşahidə olunur. Çox təəssüf ki, Meydan TV yoxlanılmamış məlumatı saytına yerləşdirib. Bunu təxribat xarakterli və jurnalist etikasına sığışmayan hərəkət kimi qiymətləndirirəm. Bu addım bir tərəfdən, Meydan TV informasiya saytının qeyri-peşəkarlıgını və etibarlıq səviyyəsini göstərir. Digər tərəfdən isə, avstriyalı idmançının səhhətindən narahat olan ailəsinin və onlara bu çətin məqamda kömək edən bütün insanların hisslərinə birbaşa toxunur. Fürsətdən istifadə edərək, Meydan TV və digər media nümayəndələrini bu cür bədbəxt hadisələrdən sui-istifadə etməkdən çəkinməyə çağırıram. Bu hadisənin günahkarı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaq aparılır. Məhkəmə prosesinin nəticələrini gözləmək lazımdır. Vanessa Sahinoviçə tezliklə sağalmağı arzulayıram”.

    Səfir Azərbaycan hökumətinin avstriyalı idmançının müalicəsinə necə kömək etdiyi ilə bağlı sualı da cavablandırıb: “Avstriyalı idmançının müalicəsi ilə bağlı hər hansı qərarı yalnız Vanessanın ailəsi, Avstriya Milli Olimpiya Komitəsi və onu müalicə edən həkimlər verir.

    Bununla yanaşı, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycan hökuməti adından səfirlik avstriyalı idmançıya hərtərəfli dəstək və qayğı göstərir və bunu davam etdirəcək. Hadisənin baş verdiyi andan dərhal sonra Avstriya tərəfi iki idmançısını təcili olaraq Vyanaya gətirilməsi barədə qərar verdi. Zədələnmiş idmançılar Azərbaycan hökumətinin hesabına xüsusi təyyarə ilə bir neçə saatdan sonra Vyanaya çatdırıldı və səfirliyin iştirakı ilə birbaşa xəstəxanaya yerləşdirildi. Həmin gündən etibarən səfirlik həm həkimlərlə, həm də zərər çəkmiş idmançının ailəsi ilə yaxşı münasibət yaradıb və demək olar ki, onlarla hər gün təmasdadır. Səfirlik Azərbaycan hökuməti adından zərər çəkmiş idmançıları və ailələrini hər cür kömək və tibbi reabilitasiya ilə təmin etməyə hazırdır. Bu humanist addıma və dəstəyə görə avstriyalı idmançıların ailələri Azərbaycan hökumətinə öz minnətdarlığını bildirirlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi