Səfir: "Azərbaycanda Macarıstanda təhsil almaq üçün müraciət edənlərin sayı 10 dəfədən çox artıb"

Səfir: "Azərbaycanda Macarıstanda təhsil almaq üçün müraciət edənlərin sayı 10 dəfədən çox artıb" İyunda Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur
Xarici siyasət
5 May , 2016 13:13
Səfir: Azərbaycanda Macarıstanda təhsil almaq üçün müraciət edənlərin sayı 10 dəfədən çox artıb

Bakı. 5 may. REPORT.AZ/ Bu il təxminən 580 azərbaycanlı dövlət hesabına Macarıstanda təhsil almaq üçün ərizə ilə müraciət edib.

Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.

Səfir keçən il 50-dən bir qədər çox ərizə qəbul edildiyini xatırladıb: "200 tələbənin Macarıstanda təhsil alması ilə bağlı proqram çox uğurlu alınıb. Buna görə çox şadam".

Diplomat bu proqramın 2017-ci ilə qədər nəzərdə tutulduğunu, amma uğurlu olacağı təqdirdə müddətin uzadıla biləcəyini bildirib: "Bu çox yaxşı proqramdır.

Macarıstan hökumətinin təklif etdiyi ixtisasları nəzərə alsaq, bu yolla Azərbaycana qeyri-neft sektorunun inkişafında yardım etdiyimizi söyləyə bilərik. Bizdə güclü kənd təsərrüfatı mövcuddur. Hamıya Macarıstanın kənd təsərrüfatı üzrə ali təhsil müəssisələrində tədris almağı tövsiyə edirəm".

"WizzAir" aviaşirkətinin sayəsində Budapeşt-Bakı-Budapeşt reysinin bərpasını şərh edən İ.Laslotski hələlik təyyarələrin tam dolmamasına görə təəssüfləndiyini vurğulayıb: "Amma bu, həm zaman, həm də reklam məsələsidir. Çünki bu reyslər barədə hamının məlumatı yoxdur. Əminəm ki, reyslər uğurlu olacaq. Çünki "WizzAir"in təklif etdiyi bilet qiymətləri, sadəcə, gülüncdür".

Planlaşdırılan səfərlər barədə danışan İ.Laslotski çox güman, iyunda Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclasının keçirilməsinin nəzərdə tutulduğunu bildirib: "Biz, həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun bir sıra azərbaycanlı iş adamları ilə birlikdə Macarıstana səfər edəcəyini gözləyirik. Bizdə Azərbaycanla əməkdaşlıqda maraqlı olan təxminən 60 kənd təsərrüfatı şirkəti var. Bundan əlavə, biz Azərbaycan Prezidenti İlham Əliyevin gələn il Macarıstana səfərini görməkdən məmnun olardıq".

Son xəbərlər

Orphus sistemi