Bakı. 14 avqust. REPORT.AZ/ Pakistanın dövlət müstəqilliyinin elan olunmasının 70 illiyi münasibətilə bu ölkənin Azərbaycansakı səfirliyində bayram tədbiri keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Pakistanın dövlət bayrağı dövlət himninin sədaları altında təntənəli şəkildə qaldırılıb.
Mərasimlə bağlı çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand əvvəlcə ölkə Prezidenti Məmnun Hüseynin və Baş nazir Şahid Xaqan Abbasinin tədbir iştirakçılarını salamlayan məktubunu oxuyub.
Sonra S.X.Mohmand Pakistan və Azərbaycan arasında münasibətlərin günbəgün inkişaf etdiyini bildirib. O, həmçinin ölkələrin bu il diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyini xatırladıb. Səfirin sözlərinə görə, ölkələr arasında mövcud olan qardaşlıq münasibətlərinin əsasında sıx siyasi münasibətlər dayanır.
O, eyni zamanda Azərbaycana Kəşmir məsələsindəki mövqeyinə görə təşəkkür edib və Pakistanın da Dağlıq Qarabağ məsələsində analoji mövqeyə malik olduğunu bəyan edib.