Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Valmiyera şəhərinə tanışlıq səfəri edib.
"Report"un Azərbaycanın Latviyadakı səfirliyinin saytına istinadən verdiyi xəbərə görə, Valmiyeranın meri Yanis Bayks səfirə şəhərin iqtisadi inkişaf perspektivləri haqqında məlumat verib.
O, Valmiyeranın Azərbaycanın Siyəzən şəhəri ilə qardaşlaşdığını xatırladıb və bildirib ki, hər iki şəhər dostluq əlaqələrinin həyata keçirilməsi üçün qarşılıqlı mübadilə aparır. Mer vurğulayıb ki, iqtisadi əlaqələrin gələcəkdə genişləndirilməsi üçün mövcud potensialı inkişaf etdirmək vacibdir.
Cavanşir Axundov Valmiyera şəhərinə səfərinin qarşılıqlı əlaqələrin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib. Səfir Azərbaycan və Latviya arasında regionlararası səviyyədə də əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş zamanı “Valmiyera – düşünür və yaradır” adlı təqdimat da keçirilib. Təqdimatda qeyd edilib ki, kimya və toxuculuq sənayesi, metal emalı, ərzaq istehsalı, tikinti, mebel istehsalı Valmiyerada ən inkişaf etmiş biznes sahələridir.
Səfir Valmiyera süd kombinatına baş çəkib, eyni zamanda mebel istehsalı müəssisəsinə, Valmiyeramuyja pivə zavodlarında olub.