Səfir: "Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir"

Səfir: "Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir" Daşqın Şikarov: "BƏƏ-dəki mağazalarda Azərbaycan məhsullarını daha çox görəcəyik"
Xarici siyasət
15 Mart , 2017 17:19
Səfir: Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun "Report" İnformasiya Agentliyinə müsahibəsi.

- Martın 16-da Şarcadan Bakıya ilk aviareys açılacaq. Eyni zamanda BƏƏ-dən Azərbaycana və əksinə həyata keçirilən mövcud reyslərin sayı da artır. Ümumiyyətlə, ötən il BƏƏ-dən Azərbaycana nə qədər turist gəlib və bu il turist axınının həcmi nə qədər proqnozlaşdırılır? Yeni aviareyslərin açılması ilə bağlı işlər görülürmü?

- Yəqin Bakıda yaşayan hər kəs 2016-cı ildə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında kəskin artımı hiss edib. Təbii ki, bu artım Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin görülməsinə dair tapşırıqları, həmçinin Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin bu tapşırıqların yerinə yetirilməsi istiqamətində işləməsi nəticəsində mümkün olub. Ölkəmizə ərəb ölkələrindən gələn turistlərin böyük qismi BƏƏ-nin payına düşür. Ötən ilin yalnız iyul ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 10 mindən çox olub. Bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 100 dəfə çoxdur. Ümumilikdə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2015-ci illə müqayisədə 30 dəfə artıb.

Bildiyiniz kimi, martın 16-da Şarcadan Bakıya BƏƏ-nin "Air Arabia" şirkətinin ilk uçuşu baş tutacaq. Bununla bağlı keçiriləcək mərasimdə Şarca əmirliyinin hakim ailəsinin üzvlərinin, yüksək vəzifəli rəsmilərin və digər qonaqların iştirakı nəzərdə tutulur. Ümumiyyətlə, qonaqların ilk təyyarə ilə Bakıya uçmaları planlaşdırılır. Bu da Şarca-Bakı uçuşlarına, Azərbaycanla əməkdaşlığa verilən diqqətin göstəricisidir. Hazırda səfirlik tərəfindən şirkətlə bərabər bu uçuşların cəlbediciliyinin artırılması, marşruta tək BƏƏ-dən yox, "Air Arabia" şirkətinin uçduğu digər ölkələrdən turistlərin cəlb edilməsi istiqamətində iş aparılır. Bununla yanaşı, səfirlik tərəfindən Əbu-Dabi - Bakı marşrutu üzrə birbaşa uçuşların açılması üzrə tədbirlər görülüb, cari ilin fevral ayında “Azərbaycan Hava Yolları” və “Etihad Airways” şirkətinin yüksək vəzifəli rəsmiləri arasında görüş təşkil edilib. Hər iki tərəf bu uçuşlara maraq ifadə etsələr də, təəssüf ki, şirkətlərin yaxın il ərzində inkişaf planlarına yeni istiqamətlərin açılması daxil olmadığından məsələyə növbəti ildə qayıdılacağı barədə razılıq əldə edilib. Bundan başqa, yay mövsümündə “Fly Dubai” şirkətinin Dubay-Qəbələ marşrutu üzrə uçuşları həyata keçiriləcək. BƏƏ-dən Naxçıvana birbaşa reyslərin açılması istiqamətində də iş aparılır.

BƏƏ-dən Azərbaycana turistlərin sayının artmasının səbəbi həm də Azərbaycanda yaradılan turizm infrastrukturu, burada keçirilən müxtəlif mədəniyyət, musiqi və idman tədbirləri, xüsusilə də ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır. Turistlərin cəlb edilməsində Azərbaycanda və BƏƏ-də fəaliyyət göstərən özəl turizm şirkətlərinin də rolu az deyil. BƏƏ internet resurslarının davamlı monitorinqi göstərir ki, son zamanlarda Azərbaycana turizm paketləri təklif edən şirkətlərin sayı artmaqdadır.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, 2017-ci ildə BƏƏ-dən Azərbaycana gələcək turistlərin sayı 2016-cı illə müqayisədə daha çox olacaq. Təbii ki, burada ölkəmizdə 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi tədbirlərinin böyük rolu olacaq.

- Ötən müsahibələrdə BƏƏ-yə gəlmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı işlərin getdiyini qeyd etmişdiniz. Hazırda işlər nə yerdədir?

- Azərbaycana turist səfərlərinin kəskin artması Prezident İlham Əliyevin verdiyi konkret tapşırıqların nəticəsində mümkün olub. Bu tapşırıqlardan biri də viza prosedurunun sadələşdirilməsi olub. Məlum olduğu kimi, vizaların elektron şəkildə rəsmiləşdirilməsinə "ASAN Xidmət"in "ASAN Viza" xidməti vasitəsilə başlanılıb və hazırda bu xidmətin BƏƏ-də daha çox tanıdılması istiqamətində iş aparılır. Hazırda BƏƏ vətəndaşları Azərbaycana gələrək sərhəd keçid məntəqəsində viza ala və ölkəyə daxil ola bilirlər. Lakin BƏƏ əhalisinin 90%-ni qeyri-vətəndaşlar təşkil edir, onlar da BƏƏ-də rezident kimi daimi yaşayırlar. Prezidentin tapşırığı ilə Azərbaycana BƏƏ vətəndaşının müşayiəti ilə gedən rezident sakinlərin də hava limanında viza almalarına şərait yaradılıb. Gələcəkdə bütün rezidentlərin yerində viza almaları, ölkəmizin milli maraqları qorunmaqla hər iki ölkə vətəndaşları üçün vizanın aradan qaldırılması istiqamətində iş davam etdirilir.

- Ümumilikdə iki ölkə arasında əlaqələr nə səviyyədədir? Ticarət dövriyyəsində irəliləyiş varmı?

- Təəssüf ki, Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. 2014-cü ildə ümumi ticarət dövriyyəsi 65,4 milyon dollar təşkil edib. Bunun 61,1 milyonu BƏƏ-dən Azərbaycana idxalın payına düşüb. 2015 və 2016-cı illərdə bu göstərici demək olar dəyişməz qalıb, müvafiq olaraq 72,3 və 70,3 milyon dollar təşkil edib. 2014-cü ilə qədər ikitərəfli ticarət xeyli çox idi və illik ümumi rəqəm bir neçə yüz milyon dollara çatırdı. Bunun əksəriyyəti BƏƏ-dən Azərbaycana idxal, xüsusilə avtomobil idxalı idi. Son illər bu ölkədə bahalaşma nəticəsində Azərbaycana idxal da xeyli azalıb. Hazırda BƏƏ-dən Azərbaycana avadanlıqlar, mexaniki cihazlar, kimyəvi maddələr, sürtkü yağları, inşaat materialları, nəqliyyat vasitələri üçün ehtiyat hissələri, metal məmulatları ixrac edilir. Azərbaycandan BƏƏ-yə ixrac olunan məhsulların sırasında meyvə və meyvə şirələri, digər ərzaq məhsulları, metal yarımfabrikatlar və s. üstünlük təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması və ixrac məhsullarının genişləndirilməsi üzrə konkret tapşırıqlar verib. Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələri arasında da kənd təsərrüfatı xüsusi paya sahibdir. BƏƏ-nin əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini nəzərə alaraq BƏƏ və digər Fars Körfəzi ölkələri hədəf bazarlardan biri kimi müəyyən edilib. Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması, perspektivdə BƏƏ sərmayəsinin ölkəmizin kənd təsərrüfatı sahəsinə cəlb edilməsinə hədəflənmiş işlər aparılır. 2016-cı ilin noyabr ayında Azərbaycanın ixrac missiyası regionun mərkəzi hesab olunan Dubayda səfərdə olub. Səfərin nəticəsi olaraq Azərbaycan BƏƏ-yə 200 ton alma, bir konteyner nar şirəsi ixrac edib, həmçinin bal, ət, mineral sular, pomidor və digər meyvə-tərəvəz məhsullarının ixracı istiqamətində danışıqlar başladılıb.

Əminəm ki, aparılan kompleksli işlər yaxın zamanda bəhrəsini verəcək və qısa müddətdə BƏƏ mağazalar şəbəkələrində daha çox Azərbaycan məhsullarını görmək olacaq. Təbii ki, bu da ikitərəfli ticarət dövriyyəsində Azərbaycanın xeyrinə müsbət artımla özünü büruzə verəcək.

- Bu yaxınlarda BƏƏ-də "Gulfood" adlı yeyinti sərgisi keçirilib. Bu sərgi Azərbaycan üçün nə dərəcədə uğurlu olub? Böyük potensiala malik Azərbaycanın kənd təsərrüfatı sahəsi mallarının ərəb bazarına nə zaman çıxması gözlənilir? Xüsusilə Azərbaycan mallarının "Lulu" hipermarket şəbəkələrində satışı ilə bağlı məlumatlar var idi.

- Bəli, cari il 26 fevral - 2 mart tarixlərində Dubay şəhərində World Trade Center kompleksi ərazisində keçirilən “Gulfood 2017” ərzaq və kənd təsərrüfatı məhsulları sərgisində Azərbaycanın şirkət və məhsulları nümayiş etdirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə hazırlanan milli stenddə ölkəmizin 24 şirkətinin müxətli məhsulları sərgi ziyarətçilərinə təqdim edilib. Milli stendlə yanaşı, bir neçə Azərbaycan şirkəti ayrıca stendlərlə də sərgidə iştirak ediblər. Azərbaycan şirkətlərinin 128 kv. m. milli stendi yüksək səviyyədə və məzmunlu təşkil olunan, sərgi pavilyonunun BƏƏ və region ölkələrindən ziyarətçilərin çox olduğu yerində hazırlanan və ikitərəfli görüşlər üçün nəzərdə tutulan sahə ilə təmin edilib.

Sərginin nəticələrinə əsasən, Azərbaycanın "Azprotein" şirkəti ilə BƏƏ-nin "General Trading Company" şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb, İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı, "Astaraçay" şirkəti tərəfindən Dubaya çay ixracı, Səudiyyə Ərəbistanı Krallığına ət və ət məhsullarının ixracı və birgə müəssisə yaradılması, "Kercom" şirkəti tərəfindən BƏƏ-yə bal ixracı, "Asico" şirkəti tərəfindən Küveytə meyvə-tərəvəz ixracı, AHEC şirkəti tərəfindən Misir, Əfqanıstan və SƏK-ə fındıq ixracı barədə danışıqlara başlanılıb. Bundan başqa, iş adamları arasında keçirilən görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub. BƏƏ, Hindistan və bir sıra Fars Körfəzi ölkələrində fəaliyyət göstərən “Lulu” hiper və supermarketlər şəbəkəsində Azərbaycan məhsullarının satışının həyata keçirilməsi barədə razılıq əldə edilib. BƏƏ bazarında iştirak miqyasını və satış nöqtələrinin sayını, həmçinin sahiblərinin Azərbaycanla əməkdaşlığının artıq formalaşdığını nəzərə alaraq səfirlik tərəfindən “Lulu” şəbəkəsinin sahibləri ilə keçirilən görüşlərdə Azərbaycan məhsullarının bu marka supermarketlərdə satışa çıxarılması yolları müzakirə edilib. Qarşı tərəf “Lulu” şəbəkəsində Azərbaycan məhsullarına mümkün şəraitin yaradılacağını, Azərbaycan məhsullarının BƏƏ bazarında layiqli rəqabətə girəcəklərinə inandıqlarını bildiriblər.

Regionda və dünyada ən böyük ərzaq və kənd təsərrüfatı məhsulları sərgisi olan “Gulfood” sərgisində ölkəmizin ilk dəfə vahid stend altında iştirakı uğurlu dəyərləndirilir. Gələcəkdə bu işlər davamlı aparılmalı, bazarın tələbatları daha dərindən öyrənilməli, sahibkarlar arasında birbaşa təmaslar artırılmalı, mövcud imkanlardan daha səmərəli və məqsədyönlü istifadə edilməlidir.

- Bu yaxınlarda iki ölkə arasında hər hansı bir səfərin həyata keçirilməsi gözlənilirmi?

- İki ölkə arasında qarşılıqlı ikitərəfli və işçi səfərlər kifayət qədər sıx və mütəmadi həyata keçirilir. Məsələn, cari ilin fevral ayında Əbu-Dabi şəhərində keçirilmiş “İDEX” müdafiə sənayesi məhsulları sərgisində Azərbaycandan fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin Daxili İşlər və Müdafiə Sənayesi nazirliklərinin yüksək vəzifəli rəsmilərinin rəhbərliyi ilə dörd nümayəndə heyəti iştirak edib. Fevral ayında Dubayda keçirilən Dünya Hökumətlər Sammitində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini və Aparat rəhbəri iştirak edib, bir sıra ikitərəfli görüşlər keçirilib. Martın sonunda daxili işlər naziri Ramil Usubovun işçi səfəri və BƏƏ-li həmkarı ilə görüşü nəzərdə tutulur. Aprel ayında ikitərəfli iqtisadi komissiyanın növbəti iclasının Əbu-Dabidə keçirilməsi və iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin BƏƏ-yə səfəri istiqamətində iş aparılır. May ayında BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl-Nəhyanın ölkəmizə rəsmi səfəri planlaşdırılır.

- 2017-ci ilin Azərbaycanda "İslam Həmrəylik İli" kimi qeyd olunması BƏƏ rəsmiləri tərəfindən necə qarşılanıb?

- BƏƏ müsəlman ölkəsi olaraq İslam dəyərlərinə yüksək önəm verir. Bu ölkədən Azərbaycana turist marağının səbəblərindən biri də şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə çiçəklənən və gözəlləşən ölkəmizin sürətlə inkişaf etməsi, Azərbaycanın dünyanın ən stabil və təhlükəsiz ölkələrindən biri olması, burada İslam adət-ənənələrinə hörmətlə yanaşılması, həmçinin halal qida imkanlarının mövcudluğudur. Həmrəyliyə və birliyə çağırış İslamın mühüm prinsiplərindən biridir. Azərbaycan Prezidentinin İslam Həmrəylik Oyunları kimi mühüm tədbirin keçirələcəyi ilin "İslam Həmrəylik İli" elan edilməsi kimi müdrik təşəbbüsü bütün İslam dünyasının, şübhəsiz ki, BƏƏ-nin rəğbətini qazanıb. BƏƏ prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl-Haşim də bunu təsdiq edib. Müşavir bu gün İslam dünyasında həmrəyliyə çağırışın həmişəkindən daha çox vacib olduğunu bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün olduqca dolğun, hərtərəfli düşünülmüş qərar olduğunu və şübhəsiz ki, bu təşəbbüsün müsəlman ölkələri və onların xalqları tərəfindən dəstəklənəcəyini vurğulayıb. O, Azərbaycan Prezidentinin 2017-ci ilin öz ölkəsində “İslam Həmrəyliyi İli” elan edilməsi barədə nəcib təşəbbüsünün BƏƏ tərəfindən alqışlandığını və yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb.

Xüsusi qeyd etmək lazımdır ki, Dubay hakim ailəsinin üzvü, BƏƏ-nin nüfuzlu iş adamı və idmançısı Şeyx Səid əl-Məktum Azərbaycanda keçiriləcək İslam Oyunlarının sülhməramlı səfiri təyin olunub. Bu da Azərbaycanda "İslam Həmrəylik İli"nin, İslam Həmrəylik Oyunlarının və Azərbaycanın BƏƏ-də nüfuzunun artmasına daha da çox xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi