Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dinamik və səmərəli əməkdaşlıq mövcuddur".
"Report" un məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
Diplomat bu əməkdaşlığa misal olaraq noyabrın 24-də Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitini göstərib. O qeyd edib ki, Azərbaycan ilə Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətinə işlər aparılır.
K.Yankauskas əlavə edib ki, Aİ Azərbaycan Dövlət Miqrasiya Xidməti və digər dövlət strukturları ilə birgə proqramlar həyata keçirir: "Əlaqələrin daha da genişlənməsi üçün insanların səfəri vacib əhəmiyyət kəsb edir. Ona görə də biz istərdik ki, Avropadan Azərbaycana daha çox insan və Azərbaycandan Avropaya daha çox insan səfər etsin".
O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejimi liberallaşdırıla bilər: "Bu Avropada yaşayan, öz ölkələrinə qayıtmaq istəyən azərbaycanlılara kömək edəcək. Bizim Azərbaycan dövlət orqanları ilə çox geniş əlaqələrimiz var. Gələn il görülən işlərdə daha çox irəliləyişlər olacaq. İnsanlar daha sürətlə, tez-tez ölkələrimizə baş çəkəcəklər".