Səfir: "Azərbaycan ikitərəfli ticarət həcminə görə Çinin Cənubi Qafqaz tərəfdaşları arasında liderdir"

Səfir: "Azərbaycan ikitərəfli ticarət həcminə görə Çinin Cənubi Qafqaz tərəfdaşları arasında liderdir" "Azərbaycan Çinin İpək yolu iqtisadi zonasını yaratmaq təşəbbüsünü fəal dəstəkləyir"
Xarici siyasət
25 May , 2016 10:39
Səfir: Azərbaycan ikitərəfli ticarət həcminə görə Çinin Cənubi Qafqaz tərəfdaşları arasında liderdir

Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan Çinin İpək yolu iqtisadi zonasını yaratmaq təşəbbüsünü milli iqtisadiyyatın inkişafı üçün böyük bir şans olaraq görür və fəal dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov "Sinhua" agentliyinə müsahibəsində deyib.

"Hesab edirik ki, bu təşəbbüs təkcə Çinə öz planını həyata keçirməyə yox, həmçinin bu iqtisadi zona boyunca yerləşən ölkələrdə imkanlarını reallaşdırmağa imkan verir. Bu səbəbdən təşəbbüsü dəstəkləyirik. Hesab edirik ki, o, milli iqtisadiyyatın inkişafına şans yaradacaq", - deyə səfir bildirib.

O, Azərbaycan və Çinin bir-birinə yaxın dövlətlər olduğunu qeyd edib: "Biz, həmçinin Asiya infrastruktur investisiyaları bankının yaradılmasını dəstəklədik. Özü də bankın fəaliyyətinə sadəcə, daxil olmadıq, təsisçilərdən biri kimi işə başladıq".

Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə gəlincə, L.Qəndilov qeyd edib ki, 2012-2015-ci illərdə iki ölkə arasında ticarət əməkdaşlığı çox sürətlə inkişaf edib: "Azərbaycan ikitərəfli ticarət həcminə görə Çinin Cənubi Qafqaz tərəfdaşları arasında liderdir. Ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolları həddini aşıb. Bu isə Gürcüstan və Ermənistanın toplam göstəricilərindən daha çoxdur".

Diplomat Çin investisiyalarının yaxşı təmsil olunmasından da danışıb: "Azərbaycanda iki sement zavodu Çin kapitalı ilə tikilib, Çinin telekommunikasiya şirkəti "Huawei" Azərbaycanda regional ofisini açıb. Hazırda isə Çin şirkətlərinin Azərbaycanda enerji layihələrində, o cümlədən qaz layihələrində iştirakının artırılması məsələsi müzakirə olunur".

L.Qəndilov iyunun əvvəlində Çin Xalq Respublikası Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Çjan Qaolinin Azərbaycana səfər edəcəyini də xatırladıb.

Son xəbərlər

Orphus sistemi