Yuxarı

Səfir: "Azərbaycan Belarusun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirir"

Azərbaycan hər zaman dinc siyasətə əməl edib, heç vaxt digər dövlətlərə qarşı təcavüzkar kimi çıxış etməyib

Bakı. 25 noyabr. REPORT.AZ/ "Belarus Azərbaycan üçün Avropa regionunda etibarlı tərəfdaşıdır. Bizim əməkdaşlığımız qarşılıqlı etimad, hörmət və qarşılıqlı fayda üzərində qurulmuşdur". "Report" "BelTA"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə deyib.

İqtisadi əlaqələrdən danışarkən səfir qeyd edib ki, 2015-ci ilin yanvar-sentyabr aralığında Belarus və Azərbaycan arasındakı ticarət dövriyyəsi 63,93 milyon dollar təşkil edib. Amma İ.Vahabzadə bunun maksimum hədd olmadığını da bildirib. Səfirin sözlərinə görə, dünya iqtisadiyyatındakı mənfi tendensiyalara baxmayaraq, tərəflər ölkələr arasındakı ticarət dövriyyəsinin həcmini artırmağın yolları üzərində çalışır.

Səfir, həmçinin MDB məkanında münaqişələr mövzusuna da toxunub. İ.Vahabzadənin sözlərinə görə, Ukrayna münaqişəsini izləmək hamı üçün çətindir, lakin Minsk danışıqlarının sayəsində həm silahlardan istifadənin dayandırılması, həm əsirlərin dəyişdirilməsi, həm də insan həyatının xilas edilməsində hiss olunacaq irəliləyiş əldə olunub: "Azərbaycan hər zaman sülhməramlı, dinc siyasətə əməl edib, heç vaxt digər dövlətlərə qarşı təcavüzkar kimi çıxış etməyib və münaqişələrin həlli baxımından sülh yolunu ən doğru yol hesab edir. Biz Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və hər zaman Dağlıq Qarabağ münaqişəsinin hamılıqla tanınmış prinsip və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllinə tərəf olmasını yüksək qiymətləndiririk".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi