Yuxarı

​Səfir: "Albaniya Azərbaycana regionda mühüm siyasi və iqtisadi tərəfdaş kimi baxır" - MÜSAHİBƏ

Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Albaniyanın Türkiyədə və həmçinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın "Report"a müsahibəsi:

- Siz Albaniya və Azərbaycan arasında əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycanla diplomatik əlaqələr 22 sentyabr 1993-cü ildə qurulub. Ölkələrimiz arasında münasibətlər dostluq səviyyəsindədir və keçmiş Sovet İttifaqının digər ölkələri ilə müqayisədə, bu dostluq və əməkdaşlıq inkişaf edir. Son bir - iki il ərzində 8 hökumətlərarası saziş imzalanıb. Bundan əlavə, TAP qaz kəməri layihəsi ölkələrimizi daha da yaxınlaşdırdı.

- İki ölkə arasında iqtisadi əlaqələr barədə nə deyə bilərsiniz? Albaniya ilə Azərbaycan arasında ticarət mübadiləsi hansı səviyyədədir? Əməkdaşlığın hansı sahələrində daha çox fəallıq müşahidə olunur?

- İki ölkə rəsmiləri arasında yüksək səviyyəli səfərlərin sayının çox olmasına və iqtisadi əlaqələri inkişaf etdirmək niyyətinə baxmayaraq, biz ticarət mübadiləsini artırmaq üçün yeni yollar tapmağa çalışırıq. SOCAR alban qaz sisteminin qazlaşdırılmasına maraq göstərib. Albaniyanın TAP layihəsinin bir hissəsi olduğunu nəzərə alaraq, müəyyən qədər qaz daxili istehlak üçün istifadə olunacaq. Albaniya Azərbaycanı Qafqaz regionunda mühüm siyasi və iqtisadi tərəfdaş kimi görür və bu Bakı və Tiranada səfirliklərin açılması üçün mühüm amildir. Azərbaycan Prezidenti İlham Əliyevin ilin sonuna qədər Albaniyaya səfər edəcəyi gözlənilir. Bu səfər əlaqələrimizi daha da möhkəmləndirəcək.

Azərbaycan ilə Albaniya xalqları arasındakı əlaqələrin tarixi kökləri var və təsadüfi deyil ki, bir vaxtlar Azərbaycan Albaniya adlanırdı. Deyilənlərə görə, Makedoniyalı İskəndərin Albaniyalı əsgərləri ecazkar Azərbaycanda qalaraq məskunlaşıblar. Prezident İlham Əliyevə etimadnaməmi təqdim etməyimlə bağlı görüşdə, biz xalqlarımızın arasındakı dostluq münasibətlərindən danışdıq.

Azərbaycan haqqında hər hansı bir albaniyalıdan soruşsaz siz dərhal isti dost münasibətilə əhatə olunacaqsınız. Azərbaycanlıları Albaniyada sevirlər və onlara hörmət edirlər. Eyni münasibəti mən Azərbaycana gəldiyim zaman hiss etdim.

- Azərbaycanda Albaniya haqqında az məlumatlıdırlar. Siz ölkəmiz haqqında nə deyə bilərsiniz? Ölkəniz Azərbaycanın iş adamları və turistləri necə cəlb edə bilər?

- Bəli, təəssüf ki, biz bir-birimiz haqqında az bilirik və bizim missiyamız ondan ibarətdir ki, xalqlarımızı mədəni və iqtisadi baxımdan yaxınlaşdıraq. Azərbaycanlı iş adamları qonşu Makedoniya və Çernoqoriyaya investisiyalar yatırıblar və orada ofisləri var, Albaniya ilə biznes əlaqələrini Türkiyə və Yunanıstan vasitəsilə həyata keçirirlər, lakin bu tendensiyanı dəyişmək zamanı çatıb. Albaniyanın turizm sahəsinə sərmayə qoyuluşu ilə bağlı yaxşı imkanlar var. Gözəl Aralıq dənizi sahilində yerləşən ərazinin 80%-i inkişaf etməyib və burada turizmə dünya səviyyəli xidmət təklif edə biləcək servisin yaradılmasına investisiya qoyuluşu üçün böyük potensial var.

- Bu il Albaniyanı neçə azərbaycanlı turist ziyarət edib?

- Azərbaycan pasportu sahiblərinə Albaniyaya gəlmək üçün viza lazım deyil. Albaniya hökuməti 2011-ci ilin mayından etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib, biz Azərbaycan tərəfinin də eyni addım atacağına ümid edirik. Mən əminəm ki, bu sadəcə müəyyən zaman və bürokratik prosedurlarla bağlı bir məsələdir. Azərbaycandan olan turistlərin sayı azdır, lakin bu bir-birimiz haqqında məlumatın az olması ilə əlaqədardır.

Mən əminəm ki, hökumətlərimiz kimi sadə insanlarımız da bir-birinə yaxınlaşmaq yollarını tapacaqlar.

- Albaniya Bakıda səfirlik açmağı planlaşdırırmı?

- Bəli, əlbəttə. Hər iki səfirliklər tezliklə açılacaq və biz buna nail olmaq üçün uzun bir yol qət etmişik. Prezident İlham Əliyevin Albaniyaya planlaşdırılan səfəri çoxsaylı digər sazişlərin əldə olunması ilə yanaşı məhz bu məsələnin həllini təmin edəcək.

- Əməkdaşlığımızın inkişafı üçün Siz nə tövsiyə edərdiniz?

- Sərbəst hərəkət etmək, təşəbbüs azadlığı, insanlar arasında əlaqələr xalqları bir araya gətirmək üçün ən yaxşı vasitələrdəndir. Çoxsaylı ziyarətçilərin diqqətini cəlb edən və böyük uğurla keçən Albaniya haqqında ilk foto-sərgi 2013-cü ilin noyabrında Azərbaycan İncəsənət Konsulluğu və onun təsisçisi Dadaş Məmmədovun dəstəyi ilə baş tutdu, Mədəniyyət nazirinin müavini sərgidə iştirak etdi. Biz biznes forum, turizm sərgisi, film festivalı, incəsənət sərgisi kimi digər tədbirlər də təşkil etməyi planlaşdırırıq. Bakıda Alban mədəniyyət mərkəzi açılacağı gözlənilir. Qarşıda bizi çox işlər gözləyir, bunun üçün isə zaman tələb olunur.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Albaniyanın mövqeyi nədən ibarətdir?

- Şübhəsiz ki, bu Azərbaycanın bütün dostlarını və o cümlədən, bizi narahat edən bir münaqişədir. Albaniya beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz ATƏT-in Minsk qrupu formatında aparılan sülh danışıqlarını dəstəkləyirik və münaqişənin dinc yolla həllinin tərəfdarıyıq. Birləşmiş Millətlər Təşkilatının ümumi prinsiplərinə görə, ölkənin ərazi bütövlüyü beynəlxalq hüququn əsasını təşkil edir. Albaniya Aİ və ATƏT-lə birgə bu qanlı münaqişənin sülh yolu ilə həllinə və regionda parlaq gələcəyin qurulmasına tərəfdardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi