Yuxarı

​Gürcüstanın “Azad demokratlar” Partiyasının seçki siyahısında iki azərbaycanlının adı var

Deputatlığa 20 nəfər namizədin adlarını açıqlanıb

Tbilisi. 16 iyul. REPORT. AZ/ Gürcüstanın “Azad demokratlar” Partiyası oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak edəcək deputatlığa 20 nəfər namizədin adlarını açıqlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, proporsional partiya siyahısında bu ölkədə yaşayan azərbaycanlı Benyamin Qasımovun, mojaritar sistemdə isə İspan Kərimovun adları var.

B.Qasımov həm də, partiyanın idarə heyətindəki yeddilikdə təmsil olunur. O, idarə heyətində təmsil olunan yeganə milli etnik azlıq nümayəndəsidir.

İrakli Alasaniya jurnalistlərə müsahibəsində deyib ki, “Azad demokratlar” Partiyası milli azlıqların parlamentdə təmsil olunmasına xüsusi önəm verir. Partiyanın mojaritar siyahısında da azərbaycanlılar olacaq: “Düşünürəm ki, milli azlıqlar, xüsusən də azərbaycanlıları Gürcüstanın inkişafında mühüm rol oynayırlar. Gürcüstanın gələcəyini onlarsız təsəvvür etmək mümkün deyil. Bizim siyahımızda digər milli azlıqların da nümayəndələri var. Amma azərbaycanlılar daha çoxdurlar”,- deyə Alasaniya vurğulayıb.

“Azad dekokratlar” Partiyasının idarə heyətinin üzvü, deputatlığa namizəd Benyamin Qasımov deyib: “Bizim partiya bu seçkilərdə ilk dəfə olaraq müstəqil iştirak edəcək. Biz ölkəmizin gələcəyi, inkişafı üçün səylərimizi birləşdirməyi qarşıya məqsəd qoymuşuq. Düşünürəm ki, birgə fəaliyyətimiz nəticəsində Gürcüstanı daha da irəli aparacağıq, dövlətimizi möhkəmləndirəcəyik. Azərbaycanlılar Gürcüstanın inkişafında, Avropaya inteqrasiyasında öz sözlərini deyiblər. Mən də bir azərbaycanlı kimi bu yolda çalışacağam”.

B.Qasımov bildirib ki, partiyanın ümumilikdə bu seçkilərdə 70-dən çox namizədi olacaq. Azərbaycanlı namizədlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, iyulun 16-da partiyanın 4-cü qurultayı keçirilib. Qurultayda ötən dövr ərzində görülən işlərə yekun vurulub, partiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi