Sankt-Peterburqda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Sankt-Peterburqda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib.
Xarici siyasət
27 May , 2019 19:14
Sankt-Peterburqda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Report

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun, ictimaiyyətin, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları iştirak ediblər.

Əvvəlcə Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. 

Daha sonra Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmiz və dünya üçün əlamətdar hadisə olduğunu bildirən diplomat Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb. 

Onun sözlərinə görə, XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sabitlik, tərəqqi və inkişaf təmin olunub. Diplomat görkəmli dövlət xadiminin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.

Bu il ölkəmizdə Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirən S.Qasımov ölkəmizin başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü olduğunu diqqətə çatdırıb.

Diplomat həmçinin Azərbaycanla Sankt-Peterburq arasında bütün sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. 

Eyni zamanda Sankt-Peterburqun vitse-qubernatoru Yevgeni Elin, “Yedinaya Rossiya” fraksiyasının üzvü, Qanunvericilik komitəsinin sədri Denis Çetirbek, İranın Rusiyadakı səfiri Mehdi Sanayi, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədri Andrey Minin çıxışlarında 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu bildiriblər. Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərindən də danışan natiqlər dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini, bu gün ölkənin beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıblar. 

Tədbir Azərbaycan əməkdar artistlərinin ifasında milli musiqi parçaları ilə davam etdirilib, qonaqlara milli mətbəximizin nümunələri, həmçinin ölkəmizlə bağlı xatirə hədiyyələri təqdim olunub.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi