Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb

Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Spiker TÜRK PA çərçivəsində əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib.
Xarici siyasət
7 Sentyabr , 2021 13:31
Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyada işgüzar səfər çərçivəsində Milli Məclisin sədri Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qazaxıstanlı spikeri səmimiyyətlə salamlayan Milli Məclisin sədri Azərbaycanın dost və qardaş Qazaxıstanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Qazaxıstan arasında Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan dostluq, qardaşlıq münasibətlərinin hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bildirib.

Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Spiker TÜRK PA çərçivəsində əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, dövlətlərimiz arasında münasibətlər möhkəm hüquqi bazaya əsaslanır. Tərəflər arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə etməklə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da dərinləşməsini təmin edib.

Sahibə Qafarova dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolu haqqında da danışaraq, hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının fəaliyyətini müsbət qiymətləndirib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi əlaqələrimizin daha da inkişafı və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin Sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb. Sahibə Qafarova həmçinin Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etdiyini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərdiyini, sərhəddə təxribatlar törətdiyini diqqətə çatdırıb.

Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin spiker Sahibə Qafarovanı səmimiyyətlə salamlayaraq qardaş Azərbaycanın Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın şəxsi dostluq münasibətlərinin önəmini qeyd edib.

Nurlan Niqmatulin ikitərəfli əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrimizin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. N.Niqmatulin Azərbaycanın Türk PA-nın fəaliyyətinə çox mühüm töhfələr verdiyini də diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfəri çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və Latviya parlamentinin sədri İnara Murniyetse ilə də görüşüb. Milli Məclisin sədrinin səfər çərçivəsində görüşləri davam edir.

Son xəbərlər

Orphus sistemi