Sahibə Qafarova: "Hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur"

Sahibə Qafarova: "Hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur" də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
13 Sentyabr , 2021 16:53
Sahibə Qafarova: Hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin dövlətlərimiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu siyasət Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən hazırda ardıcıllıqla davam etdirilir.

Qanunverici orqanlarımız arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. O, xüsusilə, TÜRK PA çərçivəsində əməkdaşlığı qeyd edib.

Daha sonra spiker Sahibə Qafarova qonaqlara Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. O deyib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bununla həm də Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü hesabına həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur. Sahibə Qafarova həmçinin xatırladıb ki, Ermənistan işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. O, Qazaxıstan nümayəndə heyətinin Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan səmimi qəbul və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. O deyib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf edir. Aygul Kuspan xalqlarımız arasındakı əlaqələrin hazırda iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qazaxıstan Parlamenti Məclisinin komitə sədri qanunvericilik orqanları arasında münasibətlərə də toxunaraq, dostluq qruplarının uğurlu fəaliyyətini təqdir edib.

Aygul Kuspan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq, işğaldan azad olunmuş Şuşa və Füzuliyə səfərləri və orada gördükləri haqqında təəssüratlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi