Yuxarı
    Bağlamaq

    Rusiyanın Ulyanovsk vilayəti Azərbaycanla əməkdaşlığı inkişaf etdirəcək

    Vilayət qubernatoru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi üzrə işçi qrupu yaratmaq barədə göstəriş verib

    Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov ilə görüşüb.

    "Report"un Ulyanovsk vilayətinin qubernatoru və hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı S.Morozov Ulyanovsk vilayəti ilə Azərbaycanı möhkəm tarixi və mədəni əlaqələrin bağladığını bildirib.

    "Ulyanovsk vilayəti ilə Azərbaycan arasında yaxşı dostluq münasibətlərinin olmasına görə çox şadam. Bu münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadiyyatda daha da möhkəmləndirilməlidir. Hazırda vilayətimizdən Azərbaycana avtomobil, avtomobil hissələri, neft və qaz sənayesi üçün məhsullar, mebel, qida məhsulları və s. ixrac olunur. Eyni zamanda, elm, idman və mədəniyyət sahələrində də əlaqələri inkişaf etdirməyi planlaşdırırıq" - qubernator vurğulayıb.

    P.Bülbüloğlu Azərbaycanda Ulyanovsk vilayətinin ixrac və investisiya potensialının təqdimatını təşkilini təklif edib.

    Tərəflər həmçinin Azərbaycan muzeyləri ilə əlaqələr yaratmaq barədə razılığa gəliblər.

    S.Morozov qubernator administrasiyasının xarici əlaqələr idarəsinə və Ulyanovsk vilayəti hökumətinə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi üzrə işçi qrupu yaratmaq, eləcə də 2017-2021-ci illər üzrə birgə fəaliyyət planının işlənib hazırlanması barədə göstəriş verib.

    Qeyd edək ki,  bu ilin may ayında Bakıda keçiriləcək IV "Mədəniyyətlərarası dialoq" Beynəlxalq Forumunda Ulyanovsk vilayətinin nümayəndə heyətinin də iştirak edəcəyi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi