Rusiyalı politoloq, “Siyasi Məlumatlar Mərkəzi”nin baş eksperti İvan Patibratov “Report”un Rusiya bürosuna müsahibə verib. O, koronavirus pandemiyasının dünya siyasətinə təsiri, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı və pandemiyanın iqtisadi fəsadlarını azaltmaq üçün iki ölkənin birgə addımları barədə söhbət açıb.
- COVID-19 pandemiyasının dünya siyasətinə təsiri barədə danışardınız...
- COVID-19-un dünya siyasətinə təsiri əsas etibarilə neft bazarının çökməsində özünü göstərdi. Dünyada karbohdirogenlərin ən iri istehlakçılardan biri olan Çində koronavirusla bağlı istehsalat xeyli dərəcədə azaldılıdı, bununla bağlı karbohidrogenlərin istehlakı azaldı, bu da təbii olaraq neftin qiymətlərində öz əksini tapdı. Belədə neft bazarının liderləri - Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ arasında rəqabət artdı. Yaxşı ki, OPEC çərçivəsində yeni razılaşma imzalanmaqla bu rəqabət müəyyən çərçivəyə salındı. Bununla yanaşı, əlbəttə ki, diplomatik təmasların səngiməsi, infrastruktur layihələri üzərində işlərin dayanması, ticarət dövriyyəsinin azalması kimi başqa fəsadlar da ortaya çıxdı.
- Azərbaycan ilə Rusiya arasında sərhədin bağlanması ikitərəfli əməkdaşlığa təsir etdimi?
- Pandemiya bir sıra siyasi meylləri üzə çıxardı. Məsələn, Avropa İttifaqının üzv ölkələri arasında həmrəyliyin o qədər də möhkəm olmadığı bəlli oldu. Əksinə, Rusiya ilə Azərbaycan əlaqəli fəaliyyət göstərdi, o cümlədən Rusiya Azərbaycana test dəstləri göndərdi. Üstəlik, hər iki ölkə İtaliyaya yardım etdi. COVID-19 pandemiyası nəticəsində Rusiya ilə Azərbaycan arasında yaxınlaşmanın baş verdiyi göz qabağındadır. Məsələn, xeyli dərəcədə Çini nəzərdə tutan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizini götürək. Bu vəziyyət Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub istiqamətilə qarşılıqlı əməkdaşlığın nə qədər səmərəli olduğunu, iqtisadi əlaqələrin şaxələndirilməsinin əhəmiyyətini bir daha ortaya qoyur.
- Artıq bir çox ölkələrdə karantin məhdudiyyətləri ləğv edilir. Sərhədlərin nə vaxt açılacağını gözləmək olar?
- Bu məsələ daha çox tibbi səciyyə daşıdığına görə mənim sahəmə aid deyil. Hərçənd məncə, qarşıdakı üç ay ərzində həllini tapmalıdır. Lakin tələsmək də olmaz, çünki sərhədlər vaxtından tez açılsa, pandemiyanın ikinci dalğası başlaya bilər.
- Bəs beynəlxalq təyyarə uçuşları necə bərpa olunacaq?
- Fikrimcə, ilk olaraq ən işlək istiqamətlərdə uçuşlar bərpa olunacaq. Yenə də deyirəm, ölkələr arasında gediş-gəliş tədricən bərpa olunmalıdır, əks təqdirdə fəsadlarla üzləşə bilərik.
- Azərbaycan ilə Rusiya koronavirus pandemiyasının iqtisadi fəsadlarını azaltmaq üçün hansı birgə addımlar ata bilər?
- Hazırkı mərhələdə diplomatik təmasları saxlamaqla sərhədlərin açılması da daxil olmaq şərtilə fəaliyyətimizi uzlaşdırmalıyıq. Karantin rejimi ləğv ediləndən sonra aramızdakı başlıca layihələrə dair yeni yol xəritəsini müzakirə etmək böyük əhəmiyyət daşıyacaq. İlk növbədə, Şimal-Cənub dəhlizindən söhbət gedir. Bu dəhlizin İran hissəsi tikilməyib, onların bunu təkbaşına bacaracaqları da ağlabatan deyil. Odur ki, hamımızın marağında olan bu layihəni başa çatdırmaqda tərəfdaş ölkəyə kömək etməliyik. Bundan əlavə bütün məhdudiyyətlər ortadan qalxandan sonra ölkələrimiz arasında ticarət dövriyyəsini bərpa etməliyik. Pandemiya olmasaydı, ölkələrimiz arasındakı ticarət dövriyyəsi rekord həddə çatacaqdı. Birgə səylərimizlə bu pandemiyanın törətdiyi fəsadları dəf edə bilərik.