Yuxarı

​Rusiya vətəndaşının adı Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb

Andrey Boqdanov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərlərdən çəkinəcəyinə dair zəmanət verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya vətəndaşı, Kommunist Sosial Ədalət Partiyasının sədri, Rusiya Böyük Mason Lojasının Ali ustadı Andrey Boqdanov Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktubunda A.Boqdanov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, A.Boqdanov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. A.Boqdanov, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

A.Boqdanovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi