Rusiya Dövlət Dumasının deputatı: "Şimal-Cənub" layihəsini işə salmağın vaxtı çatıb" - MÜSAHİBƏ

Rusiya Dövlət Dumasının deputatı: "Şimal-Cənub" layihəsini işə salmağın vaxtı çatıb" - MÜSAHİBƏ Roman Xudyakov: "Rusiya və Azərbaycan prezidentləri arasında mövcud olan dostluq münasibətləri çox qiymətlidir"
Xarici siyasət
3 Avqust , 2016 10:40
Rusiya Dövlət Dumasının deputatı: Şimal-Cənub layihəsini işə salmağın vaxtı çatıb - MÜSAHİBƏ

Moskva. 3 avqust. REPORT.AZ/ Rusiya Dövlət Dumasının LDPR fraksiyasından olan deputatı Roman Xudyakovun "Report" agentliyinə müsahibəsi:

- Roman İvanoviç, tez-tez Bakıda olursunuz. Azərbaycanlı həmkarlarınızla görüşlər nə dərəcədə məhsuldar alınır?

- Bu il artıq iki dəfə Bakıda olmuşam. Keçən il isə Prezident İlham Əliyevlə, Milli Məclisin sədri ilə görüşmüşdüm. Deyərdim ki, çox səmərəli və məhsuldar görüşlər oldu. Azərbaycan hər iki ölkə üçün mühüm olan bir sıra məsələləri həll etməyə can atır. Ən əsası qarşılıqlı anlaşma və hörmət mövcuddur. Bu, iqtisadi danışıqlar üçün yaxşı bonusdur. Hər ölkədə belə qarşılıqlı anlaşma tapa bilməzsiniz. Parlamentarilər arasında belə hörmət olduqda, əminliklə söyləmək olar ki, ölkələr arasında münasibətlərin gələcəyi var.

- Avqust ayında prezident Putinin Bakıya səfəri baş tutacaq. Bu, cari il ərzində üçüncü yüksək səviyyəli görüş olacaq. Sizcə, bu, ölkələr arasında münasibətlərin göstəricisidir?

- Rusiya və Azərbaycan prezidentləri arasında mövcud olan dostluq münasibətləri çox qiymətlidir. Bu, xalqlarımız arasındakı dostluq münasibətlərindən irəli gəlir. Azərbaycan yalnız böyük və güclü dövlət olmasına görə yox, həm də burada iqtisadi səmərə olduğuna görə, Rusiya ilə dost olmaq istəyir.

Biz yalnız öz maraqlarını güdən amerikalılar kimi deyilik. Rusiya həmişə bütün tərəflərin səmərəsi prinsipi əsasında tərəfdaşlıq münasibətləri təklif edir.

Tarix göstərir ki, amerikalılarla əməkdaşlıq sonradan bu ölkələrin özləri üçün təhlükəyə çevrilir. Onlar dərhal çoxlu pul qazanmağın mümkün olduğu cəlbedici şərtlər təklif edir, ancaq bütün bunlar utopiyadır. Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) razılaşması nümunəsində görürük ki, amerikalılar Avropanı tələyə salmağa çalışır. Rusiya isə hər bir tərəfdaşın bərabər paya malik olduğu şərtlər təklif edir.

- Görüşdə İran prezidenti də iştirak edəcək. Bu formatda Xəzərin bölünməsi üzrə 20 ildir davam edən mübahisəni həll etmək mümkündürmü?

- Xəzər dənizinin şelfinin bölgüsü bu gün gündəmdə dayanan qlobal məsələdir. Burada İran tərəfinin güzəştə getməyə hazır olmasından çox şey asılı olacaq. Biz dostluq və iqtisadi əməkdaşlıqdan yanayıq.

Tehran çətin iqtisadi şəraitdə yaşayan zaman, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə, dünyanın yarısı İrana qarşı olarkən onlar xilas oldular və bu anı heç şübhəsiz, gözəl xatırlayırlar. Çətin ki, bunu qısa müddətdən sonra bağışlamaq mümkün olsun. İndi ABŞ sanksiyaları aradan qaldırıb, amma sabah İran amerikalıların fikrincə, hansısa yanlış addım atan kimi sanksiaylar yenidən tətbiq ediləcək. Əlbəttə ki, Tehran bunu anlayır və müdrik siyasət yürüdür. Hardasa nəyisə itirib, amma əvəzində etibarlı dost və uzunmüddətli tərəfdaş tapmaq daha yaxşıdır. Ona görə də fikrimcə, İran müəyyən güzəştlərə gedəcək.

- "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı məsələlər də müzakirə olunacaq. Bu layihənin həyata keçirilməsi nə dərəcədə realdır?

- Hesab edirəm ki, bu layihəni işə salmağın vaxtı çatıb. İndi həm Rusiyanın, həm də Azərbaycanın müəyyən iqtisadi itkilərlə üzləşdiyini görə bilərik. Buna görə də itkilərin yerini doldurmaq və konsensus tapmaq üçün bu cür layihələri, əlbəttə ki, həyata keçirmək lazımdır. Danışdığımız bəsdir, iş görmək lazımdır. Həm də ona görə ki, vətəndaşlarımız daha yaxşı yaşasın. Bu, Azərbaycan üçün çox yaxşı müqavilə olacaq, axı siz tranzit ölkə statusuna malik olacaqsınız.

Dəniz hazırda yüklərin daşınması üçün ən ucuz vasitədir. Rusiya həmişə cənub dənizlərinə çıxış əldə etməyə çalışıb və çalışacaq da. Nəyə görə də Azərbaycan bu sahədə dostunu və qonşusunu dəstəkləməsin? Axı, rəsmi Bakı da bu işdən yaxşı dividendlər əldə edəcək.

- Bakı görüşü ilə demək olar, eyni zamanda Türkiyə prezidenti Ərdoğanın Rusiyaya səfəri gözlənilir. Bir çox analitiklər Moskva-Ankara-Tehran strateji ittifaqının yaradılacağını proqnozlaşdırır. Sizcə, bu, nə dərəcədə realdır?

- Hesab edirəm ki, belə ittifaq tam mümkündür. Rusiya bütün dünyada, o cümlədən bizim regionda təhlükəsizlik qarantı kimi çıxış edir. Prezidentimiz hər hansı bir ölkənin köməyinə gələ, orada qan tökülməsini dayandıra və oradan qalib kimi ayrıla biləcəyimizi sübut edib. Amerikalılar isə eyni vəziyyətdə tamamilə əksinə hərəkət edir: onlar lazımi anı gözləyir, ora daxil olur, çirkli pullarını yuyur, dividendlər qazanır, gələcəkdə öz fikirlərini, maraqlarını yeritmək üçün ordularını orada saxlayırlar. Buna görə də sağlam düşüncəli siyasətçilər Rusiya ilə əməkdaşlıq etməyə can atırlar.

Son xəbərlər

Orphus sistemi