Rumıniyanın sabiq prezidenti: "Heydər Əliyev uzaqgörən, müdrik, dərin təhlil qabiliyyəti olan siyasətçi idi" - MÜSAHİBƏ

Rumıniyanın sabiq prezidenti: "Heydər Əliyev uzaqgörən, müdrik, dərin təhlil qabiliyyəti olan siyasətçi idi" - MÜSAHİBƏ Emil Konstantinesku: "Heydər Əliyevin obrazını hər zaman gözlərimin önündə canlandırıram"
Xarici siyasət
12 Dekabr , 2017 16:20
Rumıniyanın sabiq prezidenti: Heydər Əliyev uzaqgörən, müdrik, dərin təhlil qabiliyyəti olan siyasətçi idi - MÜSAHİBƏ
Report

Buxarest. 12 dekabr. REPORT.AZ/ Rumıniyanın sabiq prezidenti Emil Konstantineskunun (1996-2000) “Report”un Şərqi Avropa bürosuna müsahibəsi. 

- Sizinlə Azərbaycan-Rumıniya əlaqələri baxımından çox əlamətdar bir gündə görüşürük. Rumıniya 1991-ci ilin dekabrın 11-də Azərbaycanın dövlət müstəqilliyini rəsmi şəkildə tanıyıb və bu il həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur.....

- Bəli, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini rəsmi şəkildə tanıyan ikinci dövlətdir. Bu il Azərbaycanın Rumıniya tərəfindən dövlət müstəqilliyinin tanınmasının 26-cı, diplomatik əlaqələrimizin qurulmasının 25-ci ildönümünü qeyd edirik. İki ölkə arasında münasibətlərin inkişafı mənim prezident olduğum müddətdə yüksəlməyə başlamışdı. 1997-ci il aprelin 28-də prezident kimi fəaliyyətə başlayandan bir neçə ay sonra İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm. Həmin ərəfədə ikitərəfli görüşümüz oldu, daha sonra Prezident Süleyman Dəmirəl də bizə qoşularaq üçtərəfli görüş keçirdik. Görüşdə biz qərara aldıq ki, üçtərəfli əlaqələrimizin inkişafı ilə yanaşı, Azərbaycan, Türkiyə və Rumıniya Mərkəzi Asiya və Mərkəzi Avropa regionu arasında nəqliyyat sahəsində mühüm rolda çıxış etsinlər. Digər tərəfdən bizim başladığımız bu layihə İpək yolunun canlanmasına səbəb oldu. Mən və Prezident Heydər Əliyev bu layihə üzərində sıx əməkdaşlıq etmək qərarına gəldik.

1998-ci ilin iyun ayında biz yenidən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Yaltada keçirilən sammiti çərçivəsində görüşdük və orada bir bəyannamə imzaladıq. Belə ki, hər iki ölkə bu layihələrdə mühüm rol oynayırdı. Həmin görüşdə mərhum Heydər Əliyev məni Bakıya rəsm səfərə dəvət etdi. Mən dəvəti məmnuniyyətlə qəbul etdim. Bu, 5 günlük rəsmi bir səfər idi. Səfər çərçivəsində biz bir çox sənədlər imzaladıq. Beləliklə, bu sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdi. İmzaladığımız sənədlər həmin ilin noyabrında qüvvəyə mindi. Bura Azərbaycan və Rumıniya arasında əməkdaşlıq sazişi, mədəniyyət, təhsil, elm, idman və digər sahələri əhatə edən sənədlər daxil idi.

1998-ci ilin sentyabrında Tarixi İpək yolunun bərpası ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin dəvətilə iştirak etdim. Həmin konfransa dünyanın 32-dən çox dövlətinin prezidentləri qatılmışdı. Toplantının sonunda Bakı Bəyannaməsinin imzalanması İpək yolunun bərpası və canlanmasına təkan verdi. 2000-ci ildə biz Nyu-Yorkun Merilend Universitetində beynəlxalq konfransda iştirak edərək İpək yolu üzrə əməkdaşlığı təqdim etdik. Toplantıda Azərbaycanın dövlət başçısı da iştirak edirdi. Hətta biz ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirləri, ABŞ-ın dövlət katibi və digər senatorların iştirak etdiyi Senatda çıxış etdik. Orada digər çıxışçılarla müqayisədə Heydər Əliyevin nitqi daha çox yadda qalan oldu. O, çıxışında Azərbaycan haqqında daha ətraflı məlumat verdi. Bildirdi ki, qədim İpək yolu üzərində yerləşən Azərbaycan mədəniyyətlər və dinlərarası münasibətlərə böyük diqqət verir.

- Hətta Azərbaycan Prezidenti Heydər Əliyevlə birlikdə ABŞ-ın o zamankı prezidenti Bill Klintonla da görüşmüsünüz...

- Əlbəttə, bizim görüşümüz oldu. Dünyada sülh naminə əməkdaşlıq məsələləri barədə müzakirələr apardıq. NATO-nun ABŞ-da keçirilən sammiti çərçivəsində Azərbaycan prezidenti ilə birgə Bill Klintonla görüşdük. Bu görüş çox gözəl və açıq atmosfer şəraitində keçdi.

- Siz prezidentliyiniz dövründə Cənubi Qafqaz ölkələri ilə münasibətlərə böyük diqqət ayırırdınız. Rumıniyanın Bakıdakı səfirliyinin açılmasının da təşəbbüskarı Siz olmusunuz. 1998-ci ildə Azərbaycana səfəriniz zamanı isə Prezident Heydər Əliyevə səfir olaraq Tahsin Cəmili təqdim etmisiniz. Niyə məhz Tahsin Cəmilə üstünlük verdiniz?

- Mənim digər ölkələrin prezidentlərilə çox yaxşı əlaqələrim var idi. Bilirdim ki, müstəqilliyini yenicə əldə edən köhnə Sovetlər Birliyi ölkələrində milli qürur nə qədər vacibdir. Təyin etdiyim səfirin işləyəcəyi ölkənin dilində gözəl danışmasını vacib sayırdım. Mən Tahsin Cəmili tanıyırdım. Bilirdim ki, o, Konstansta Universitetinin professoru idi. Ona şəxsən zəng etdim və dedim: “Bax, biz istəyirik ki, Azərbaycan ilə diplomatik əlaqələrimizi inkişaf etdirək və Bakıya səfir təyin edək. Mən Sizin haqqınızda fikirləşdim. Bildiyim qədər Siz türk dilində danışırsınız. Sizə Azərbaycan dilini daha yaxşı təkmilləşdirmək üçün nə qədər vaxt lazımdır?".

O, isə mənə cavabında 2 həftə vaxt istədi. Amma mənə bildirdi ki, Ankara Universitetində işləmək üçün dəvət alıb. Mən isə cavabımda dedim: "Sizin akademik karyeranız üçün bu təklifin nə qədər önəm kəsb etdiyini bilirəm, amma burada söhbət milli maraqlardan gedir. Mən Sizi bu vətənpərvərlik jestini qəbul etməyə və Rumıniyanın Azərbaycanda ilk səfiri olaraq əlaqələrimizin inkişafına töhfə verməyə çağırıram”.

Əlbəttə, bu sözümdən sonra Tahsin Cəmil təklifi qəbul etdi. Beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana səfər edəndə Tahsin Cəmili də özümlə birgə apardım və Azərbaycan Prezidentinə təqdim etdim. Bu addım Prezident Heydər Əliyev tərəfindən çox müsbət qarşılandı. Konfrans çərçivəsində Heydər Əliyevlə birlikdə çölə çıxdıq və o, mənə dedi: “Səfirə görə Sizə təşəkkür edirəm. O, Azərbaycan dilində çox yaxşı danışır. Bilirsiniz mən uzun müddət Azərbaycandan kənarda, Moskvada işləmişəm. Orada əlaqələrim var. Mən çox şadam ki, ünsiyyət qurduğum insan mənim ana dilimdə çox gözəl danışır”.

Səfirimiz isə tez bir zamanda Azərbaycanda tanındı, çünki Azərbaycan dilini bildiyindən tez-tez televiziyalarda çıxış edirdi, insanlarla yaxşı ünsiyyət qurmağı bacarırdı.

- Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevlə bağlı gözəl xatirələriniz var. Ümumiyyətlə, Heydər Əliyev Sizin yaddaşınızda necə qalıb?

- Heydər Əliyevin obrazını hər zaman gözlərimin önündə canlandırıram. O obraz ki, özündə uzaqgörənliyi, müdrikliyi, ağıllı və müzakirələrə açıq insanı, dərin düşünmə və təhlil qabiliyyətini birləşdirir. Diplomatik münasibətlərimiz və beynəlxalq müstəvidə əməkdaşlıqdan başqa bizim dost münasibətlərimiz var idi. Ona görə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini hər zaman yaddaşımda saxlayıram. Onu demək istəyirəm ki, Heydər Əliyevin əsasını qoyduğu işləri və eləcə də diplomatik əlaqələrimizi bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün hamı Asiya ilə Avropanı birləşdirən Böyük İpək yolunun bərpasından danışır. Bundan danışan zaman ilk növbədə bu layihənin bərpasında müstəsna rol oynayan və onun ideya müəlifləri olan prezidentlər Heydər Əliyev, Eduard Şevardnadze, Süleyman Dəmirəl və Nursultan Nazarbayev xatırlanmalıdır. 

Sonda onu demək istəyirəm ki, mənim üçün adını sadaladığım insanlarla işləmək çox xoş idi. Prezidentlik dönəmim bitəndən sonra Asiya və Avropanı birləşdirən və böyük önəm verdiyim layihələrlə əməkdaşlıqları davam etdirdim. Bu istiqamətdə səylərimi artırdım. Nizami Gəncəvi Beynəlxalq Məkrəzi ilə əməkdaşlıq etdim və sonra isə idarə heyətinin üzvü seçildim. 

Son xəbərlər

Orphus sistemi