Rumıniya səfiri: "Azərbaycan NATO-nun çox mühüm və dəyərli tərəfdaşdır"

Rumıniya səfiri: "Azərbaycan NATO-nun çox mühüm və dəyərli tərəfdaşdır" Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçirilir
Xarici siyasət
7 Mart , 2016 11:11
Rumıniya səfiri: Azərbaycan NATO-nun çox mühüm və dəyərli tərəfdaşdır

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, konfrans NATO-nun Azərbaycandakı koordinatoru mandatı çərçivəsində Rumıniya səfirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilib.

Konfransı giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Rumıniyanın Azərbaycanın Avropa və Avro-Atlantik institutları ilə əlaqələrinin genişləndirilməsini fəal şəkildə dəstəklədiyini qeyd edib.

O, Azərbaycanın NATO-nun çox mühüm və dəyərli tərəfdaşı olduğunu vurğulayıb: "Azərbaycan kimi tərəfdaşlar NATO-nun uğurunun açarıdır. Bu gün "Şərq Tərəfdaşlığı" Avro-Atlantika təhlükəsizliyi üçün getdikcə daha vacib rol alır. Biz çətin problemlərlə üzləşirik və Varşava sammitində onların aradan qaldırılması üçün zəruri addımlar müzakirə olunacaq".

Çıxışı zamanı D.K.Çobanu, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. O bildirib ki, NATO ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq ümumilikdə Qara dəniz-Xəzər dənizi regionunda sabitlik üçün də faydalıdır.

Tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri və səfirləri, ictimai xadimlər və başqaları iştirak edir.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Prezident Administrasiyasının əməkdaşı Elmar Hüseynov, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Qaya Məmmədov, NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahyu və digər iştirakçılar NATO-nun qarşıdan gələn sammitiylə bağlı fikirlərini bölüşüb, eləcə də Azərbaycan və Şimali Atlantika Alyansı arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, NATO-nun Varşava sammiti bu ilin iyul ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi