Bakı. 3 may. REPORT.AZ/ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə görüşüb.
Komitədən "Report"a verilən məlumata görə, qonaqlar Rövşən Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Komitə sədri Azərbaycan həqiqətlərinin Fransada təbliğində Paris Azərbaycan Evinin müstəsna xidmətlərindən danışıb. O, Fransanın nüfuzlu dövlət olduğu üçün ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədr dövlət kimi səylərini artırmalı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır, həlli istiqamətində lazımi addımlar atılır.
Rövşən Rzayev Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkşafında müstəsna xidmətlərindən danışıb. Birinci xanım Mehriban Əliyeva həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti ilə yanaşı həm də qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.
Komitə sədri ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə qayıdan soydaşlarımızın yaşayış şəraiti ilə tanış olmaları üçün həmin kəndə səfərin təşkilinin mümkünlüyün bildirib.
Jan-Fransua Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qonaq gələcək əməkdaşlıq üçün bir sıra təkliflər irəli sürüb və gələcək əməkdaşlıq üçün prespektivlər olduğunu bildirib.