Yuxarı

​Rövnəq Abdullayev: "SOCAR Türkiyəyə tam güvənir"

Bundan sonra da Türkiyədəki yatırımlarımız artaraq davam edəcək

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə güvəni tamdır, bu ölkədəki bütün yatırımları və layihələri tam sürəti ilə davam etdirəcək.

“Report” xəbər verir ki, bunu Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdini və SOCAR-ın Türkiyədəki fəaliyyətini “Anadolu” agentliyinə şərh edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

“Türkiyədə ötən həftə baş verən və yüzlərlə insanın həyatını itirməsinə səbəb olan çevriliş cəhdi bizləri də dərindən kədərləndirib. Hərbi çevriliş cəhdləri artıq bütün dünyada keçmişin qalığı kimi qiymətləndirilir və müasir cəmiyyətlərdə qəbuledilməzdir. Bu cür antidemokratik cəhdlər sadəcə demokratik mühiti və hüquqi dövləti zəiflətmir, həm də iqtisadi inkişafa böyük ziyan vurur. Türkiyə hökumətinə, xalqının iradəsinə, iqtisadiyyatına və sabitliyinə etibarımız hər zaman olduğu kimi tamdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana müraciətində də bildirdiyi kimi, Azərbaycan xalqı Türk xalqının yanındadır. Bu həmişə belə olub və başqa cür ola da bilməz”, - Abdullayev bildirib. 

O qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək: “Şübhə yoxdur ki, Türkiyədə özəl sektorun inşa etdiyi ilk Neft Emalı Zavodu olan STAR da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq və Türkiyənin tədiyyə balansı kəsrinin azalmasında əhəmiyyətli rol oynayacaq. Logistika sahəsində Egey dənizi bölgəsinin ən böyük konteyner limanını da SOCAR çox qısa müddət ərzində istifadəyə verəcək. Eyni zamanda Türkiyənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"dəki fəaliyyətimiz də Türkiyəyə və iqtisadiyyatına güvənimizin simvoludur. SOCAR olaraq Türkiyədə birbaşa və dolayı olaraq 40 min nəfərlik ailəni təmsil edirik. Türkiyə bizim evimizdir. Bu günə qədər olduğu kimi, bundan sonra da Türkiyədəki yatırımlarımızın artaraq davam edəcəyini bir daha vurğulamaq istəyirəm”.

R.Abdullayev qeyd edib ki, yaxın keçmişdə Azərbaycanda da buna bənzər çevriliş cəhdləri baş verib, ancaq milli liderimiz Heydər Əliyevlə xalqımızın birliyi sayəsində uğursuz olub: “Dövlətlə xalqın vəhdəti, milli birlik, bütövlük və həmrəylik ruhu Azərbaycanın sonrakı illərdə əldə etdiyi bütün uğurların təməlində dayanmaqdadır.

Başda cənab prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inanırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi