Romada Azərbaycanla bağlı konfrans keçirilib

Romada Azərbaycanla bağlı konfrans keçirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Romanın Sapienza Universitetində Universitetin Kommunikasiya və sosial araşdırmalar departamentinin  və Roma Sapienza Fondunun təşkilatçılığı ilə “İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilib.
Xarici siyasət
25 yanvar 2018 15:23
Romada Azərbaycanla bağlı konfrans keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Romanın Sapienza Universitetində Universitetin Kommunikasiya və sosial araşdırmalar departamentinin  və Roma Sapienza Fondunun təşkilatçılığı ilə “İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Sapienza Universitetinin rektoru Eugenio Qaudio Azərbaycan və İtaliya arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, son illərdə İtaliyada, xüsusilə Sapienza Universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının əhəmiyyətli dərəcədə artdığını və rəhbərlik etdiyi Universitetdə Azərbaycanla bağlı konfransın keçirilməsindən məmnun olduğunu və belə tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxışında ölkəmizin tarixi, hazırkı reallıqları, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edildiyi, Azərbaycanın bu il müstəqilliyinin bərpasının 27-ci ilini qeyd edəcəyini və bu illər ərzində ölkəmizin əldə etdiyi uğurlar, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi mövzulara toxunub. Azərbaycan-İtaliya münasibətlərindən də danışan diplomat ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və münasibətlərdə əldə olunmuş nəticələr və perspektivlər barədə fikirlərini bölüşub.

Daha sonra Roma Sapienza Fondunun sədri Antonello Biagini, Universitetin Avropa tarixi doktoranturasının kordinatoru Alessandro Saggioro, habelə Əməkdaşlıq və İnkişaf Proqramının rəhbəri Marko Kilento çıxış edərək Azərbaycan haqqında həqiqətlərin, ölkənin inkişafının, İtaliya ilə münasibətlərin və beynəlxalq münasibətlərdəki rolunun öyrənilməsi baxımında konfransın əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, konfrans dörd paneldən, müvafiq olaraq, Hüquq, Tarix, Sosial və Siyasi Elmlər və Azərbaycanla bağlı araşdırma aparan doktorantlar hissələrindən ibarət olub. Bu panellərdə Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri, Azərbaycanın tarixi, enerji siyasəti, Türkiyə, İran, Rusiya və regionun digər ölkələri, həmçinin ABŞ və Avropa İttifaqı ilə münasibətləri, ictimai diplomatiya, Azərbaycanda sosial rifah və Azərbaycan ədəbiyyatı, İtaliyada Azərbaycanla bağlı nəşr olunan kitablar kimi mövzular üzrə çıxışlar olub.

Tədbirdə İtaliyada Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçılar da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi