Yuxarı

Riqada Şərq Tərəfdaşlığı ölkələrinin I Media Konfransı açılıb

Konfransda Azərbaycan da daxil olmaqla, 350 KİV nümayəndəsi iştirak edir

Riqa 20 may. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada Şərq Tərəfdaşlığı ölkələrinin I Media Konfransı açılıb. "Report" xəbər verir ki, IV Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Latviyanın Aİ-də sədrliyi çərçivəsində təşkil olunan konfransın əsas mövzusu KİV-in Şərq Tərəfdaşlığı regionundakı roludur. 

Konfransda proqram ölkələrinin 350 yaxın KİV nümayəndəsi, ekspertlər, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir. 

Konfransı Latviya Seyminin spikeri İnara Murnietse açıb. O qeyd edib ki, I Media Konfransının keçirilməsi Latviyanın Aİ-dəki sədrliyi çərçivəsindəki təşəbbüsüdür və Rusiyanın Ukraynanın şərqində yaratdığı təhlükəli vəziyyəti nəzərə alaraq, bu gün çox aktualdır.  

"Mətbuat azadlığı, söz azadlığı demokratiya və azad cəmiyyətin təməl daşıdır", - İ.Murnietse vurğulayıb. 
Latviya Seyminin spikeri  KİV-in obyektiv informasiyanın çatdılrılmasında əhəmiyyətini və dezinformasiya təzyiqinə müqavimət göstərməyin zəruriliyini qeyd edib.
"Buna görə bizim görüşümüz vacibdir. Bu, sammitə və onun yekun bəyannaməsinə dəyərli töhfə verəcək ", -  İ.Murnietse  bəyan edib. 

Konfransın xüsusi qonaqları arasında Aİ-nin Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Yohannes Han, Latviyanın sabiq prezidenti Vike-Freyberq, Avropa Şurası insan hüquqları üzrə komissarı Nils Muyjniyeks, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç və başqaları var. 
Qeyd edək ki, bu gün Riqada həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətləri nümayəndələrinin konfransı da keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi