Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib

Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib İlham Əliyev və Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər
Xarici siyasət
17 İyul , 2017 17:31
Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib
President.az

Bakı. 17 iyul. REPORT.AZ/ İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər.

Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris Ozols biznes forumda çıxış edərək bildirib:

"Bu gün dostlarımız burada – Riqadadırlar. Bu, ölkələrimizin burada birlikdə biznes əlaqələrini yaxşılaşdıra biləcəkləri gözəl fürsətdir. Mən bu forumun təşkilinə görə Azərbaycanın İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna da təşəkkür etmək istəyirəm. Burada şirkətlərin nümayəndələri çoxdur, çünki bizim əməkdaşlığımıza çoxları maraq göstərir. Biznes forumda yüzdən çox Latviya sahibkarı iştirak edir. Onlar yeyinti məhsulları istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələri təmsil edirlər.

Azərbaycanda deyirlər ki, etibarlı dost heç vaxt yada çevrilməyəcək. Biz Azərbaycan ilə yaxşı dostlarıq. Bu il Latviya Prezidenti Azərbaycana səfər edib və onu çox mehriban qarşılayıblar. Biz əməkdaşlığımızla çox fəxr edirik".

Sonra dövlət başçıları biznes forumda çıxış ediblər. Ardınca biznes forum işini müzakirələrlə davam etdirib.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi