Yuxarı

​Rəsmi Bakı Moskvaya verilən notanın mahiyyətinə aydınlıq gətirib

Rusiya Ermənistana silah satarkən, onun Azərbaycanın işğal olunmuş torpaqlarına düşməməsini nəzərə almalıdır

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın bu yaxınlarda Rusiyaya verdiyi notanın mahiyyətinə aydınlıq gətirib.

"Report" xəbər verir ki, bunu o, "Kommersant" qəzetinə müsahibəsində açıqlayıb.

"Bu eyni qəbildən olan birinci nota deyildi. Rusiya bir tərəfdən ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir, digər tərəfdən biz başa düşürük ki, hər bir dövlətin lazım bildiyi ölkəyə silah satmaq hüququ var. Notanın mahiyyəti ondan ibarət idi ki, Rusiya Ermənistana silah satarkən, onun Azərbaycanın işğal olunmuş ərazilərinə düşməməsini nəzərə almalıdır. Belə tədarüklərdə son istifadəçi hüququ mövcuddur. Əgər son istifadəçi Ermənistan olsaydı, o zaman məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Silah Azərbaycanın işğal olunmuş ərazilərinə düşdüyü zaman, bu artıq başqa məsələ olur", - deyə nazir bildirib.

XİN rəhbəri jurnalistin "istənilən halda bu silahlar Dağlıq Qarabağ ərazisinə düşəcək" sözlərinə cavab olaraq bildirib ki, notanın mahiyyəti də məhz bu olub.

"Notanın mahiyyəti də məhz bunda idi. Rusiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını nəzərə alsaq, Rusiya silahlarının işğal olunmuş ərazilərdə olması tamamilə məntiqsiz bir vəziyyət ortaya çıxarır. Rusiya XİN-də Moskvanın sonrakı bəyanatlarında olduğu kimi, tərəfimizdən verilən sənədin tonunu düzgün qəbul etdilər", - deyə nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi